Accessibility links

Zindanda aclıq edən azərbaycanlı fəalın səhhəti ağırlaşıb


Şəhram Radmeh

Şəhram Radmeh

Şəhram Radmehrin səhhətinin ciddi təhlükədə olduğu haqda məlumat yayılıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 3 həftədən çoxdur Təbrizin mərkəzi zindanında aclıq edən fəal Şəhram Radmehrin səhhətinin ciddi təhlükədə olduğu haqda məlumat yayılıb.

“Media forum” saytının məlumatına görə dizləri şişən fəalın şəhər xəstəxanasında təcili müalicə almağa ehtiyacı olsa da, buna imkan yaradılmır, ona lazım olan dərmanlar verilmir. Bir neçə gün əvvəl fəalla zindanda görüşən ailə üzvlərinin dediyinə görə, aclıq nəticəsində xeyli zəifləyib arıqlayan Şəhram Radmehr ayaq üstündə durmaqda çətinlik çəkib və ona müalicə almaq şəraiti yaradılmamasından gileylənib.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Şəhram Radmehr digər fəallar Arəş Məhəmmədi və Ayət Mehrəlibəyli ilə birlikdə İran təhlükəsizlik qurumlarının onların ailələrinə və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq aprelin 15-dən aclıq edir.

Şəhram Radmehr qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 9 il həbsə məhkum edilib. Təşkilatın digər üzvləri Lətif Həsəni, Ayət Mehrəlibəyli, Mahmud Fəzli və Behbud Quluzadə də eyni ittihamlarla 9 il iş alıblar.
XS
SM
MD
LG