Accessibility links

İran Google xidmətlərindən istifadənin qarşısını alıb


Qərar islam əleyhinə filmin nümayişindən sonra çıxarılıb, lakin ekspertlər başqa səbəblər də göstərir

İranda internet istifadəçiləri Gmail də daxil olmaqla, Google şirkətinin bəzi geniş yayılmış xidmətlərindən istifadə edə bilmir. Bu addım ABŞ-da özəl şəkidlə istehsal edilmiş islam əleyhinə həvəskar filmə müsəlman ölkələrində etirazlardan sonra atılır. İrandakı internet istifadəçilərinin verdiyi məlumata görə, Google axtarış saytından istifadə bazar ertəsi mümkün olsa da, şəxsi hesaba giriş bağlı olub. Buraya Gmail, Google Drive, Google Talk və digər kopmyuter xidmətləri daxildir.

Tehranda kompyuter elmləri ixtisası almış gənc Facebook vasitəsilə Amerikanın səsinə müsahibədə deyib ki, Google https deyil, http ünvanında açılır.

Https veb səhifələri təhlükəsiz hesab edildiyi halda, http sayatları hökumət də daxil olmaqla asanlıqla monitorinq edilə bilər.

Tehranda kompyuter elmləri üzrə ixtisas almış daha bir şəxs Amerikanın səsinə http ünvanı ilə açılmış veb səhifələrə nəzarət edilə bildiyini təsdiq edib.

Google şirkətinin xidmətlərinin bağlanması İranın baş prokurorunun müşaviri və intenertə qeyri-qanuni materialların aşkar edilməsinə görə məsuliyyət daşıyan bölmənin katibi Əbdülsəməd Xoramadi tərəfindən tekst mesaj vasitəsilə elan edilmişdir. Mesajda deyilir ki, çox sayda insanın müraciəti nəzərə alınaraq, Google və Gmail xidmətinin bütün ölkə qeyri-müəyyən müddətə bağlanacaq.

İranda İslam Respublikasının Virtual fəalları qrupu bəyanatla çıxış edərək, internet istifadəçilərini bazar ertəsi və çərşənbə axşamı günü “Müsəlmanların məsumiyyəti” adlı filmin nümayiş etdirilməsi və Fransa jurnalında Məhəmməd Peyğəmbərin karikaturalarının nəşrindən sonra Google xidmətlərindən istifadə etməməyə çağırıb. Bu haqda məlumatı İranın tələbə xəbər agentliyi verib.

Ekspertlər İranın Google şirkətinin xidmətlərinin bağlanması ilə əlaqədar verilən şərhləri şübhə altına alaraq, bunu ölkənin daxilində milli internet şəbəkəsinin yaradılması ilə izah edirlər.
XS
SM
MD
LG