Accessibility links

İran Azərbaycan şairlərini saxlaması barədə detallı məlumat vermir


İran hələlik bu ölkədə həbs olunan Azərbaycan vətəndaşları bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sorğusuna cavab verməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, Azərbaycan vətəndaşı olan şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məsələsi Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun diqqət mərkəzindədir. “Vətəndaşlarımıza baş çəkmək, onların həbsinin səbəblərini və saxlanma şəraitini öyrənmək vacibdir. Lakin, hələlik İran tərəfi Azərbaycanın bununla bağlı sorğusunu cavablandırmayıb”, - deyə o bildirib.
Azərbaycan vətəndaşları F.Hüseyn və Ş.Hacızadə bu il mayın 2-də Təbrizdə bir neçə mülki şəxslər tərəfindən saxlanılaraq qeyri-müəyyən istiqamətə aparılıb.
Azərbaycan tərəfinin notalarından sonra İran mayın 21-də Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin saxlandığını təsdiq edib.
İran Azərbaycan vətəndaşları cinayətə təşəbbüs göstərdiyi üçün saxlandığını bildirib. Onların hazırda harada saxlanması və saxlanmanın səbəbinin detallarına aydınlıq gətirilməyib.
Azərbaycan tərəfi iyunun 21-də yenidən İran Xarici İşlər Nazirliyinə məktub göndərib və Təbrizdəki baş konsulluğun əməkdaşlarının Fərid Hüseyn və Şəhriyar Hacızadənin saxlanma şəraiti ilə tanış olması və saxlanma səbəbi barədə informasiya verilməsini istəyib.
XS
SM
MD
LG