Accessibility links

İran höküməti Azərbaycan fəallarına qarşı basqıları artırıb


İran Azərbaycanı

İran Azərbaycanı

Məhbusların ailə üzvləri Amerikanın Səsinə bildirib ki, övladlarının Ettelaatın hansı həbsxanasında saxlanmasından məlumatsızdırlar

Son həftələr İran Azərbaycanında baş verən yeni həbs dalğaları, mühakimələr, məhkəmələr və milli-mədəni fəallara qarşı hədə-qorxular haqda məlumat yayan Azərbaycan veb səhifələri İranın hökümət orqanları, təhlükəsizlik qurumları və inqilab məhkəmələri tərəfindən azərbaycanlı fəallar, yazarlar və hüquq müdafiəçilərinə qarşı tətbiq edilən basqıların kəskin artdığını xəbər verib.

İyunun 27-də Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü ilə bağlı bir mərasimə qatılmaq üçün Urmiyə şəhərindən Şərqi Azərbaycan vilayətində Səhənd dağı yamaclarına getdikləri zaman tutulan 36 mədəni fəaldan altısı hələ də təhlükəsizlik qurumlarının nəzarəti altında saxlanılır. Onlar Urmiyə Universitetinin müəllimi Süməyyə Əlidusti, blogger Vəhid Faizpur, habelə mədəni fəallar Qulam Quluzadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtəza Zərrindir.

Amerikanın Səsinin məhbusların ailə üzvlərindən əldə etdiyi məlumata görə, saxlanılanlar hamısı ailə üzvləri ilə bir dəfə Urmiyənin İnqilab Məhkəməsinə aparıldıqları zaman görüşüblər, ancaq ailələrin övladlarının Ettelaatın hansı həbsxanasında saxlandığı ilə bağlı məlumatı yoxdur.

Xəbər saytlarının yazdığına görə, həbsdə saxlanılan 6 fəaldan əlavə, sərbəst buraxılan digər fəallar da təzyiqlərə məruz qalıb. “Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü mərasimi ilə bağlı nəzarət altına alınan Urmiyəli mədəni fəal Sina Həsəni azadlığa buraxılıb, ancaq ona qarşı başqa təzyiqlər tətbiq edilib. Dövlət məmurları ötən günlərdə onun mağazasının qapısını möhürləyiblər,”-deyə Oyan News saytı qeyd edib.

AZOH veb səhifəsi isə muxtəlif şəhərlərdə tanınmış azərbaycanlı fəallar, o cümlədən milli fəal Abbas Lisani və din xadimi Əbdüləziz Əzimi-Qədimin keçmişdə qarşılaşdığı ittihamlarla bağlı İranın məhkəmə orqanlarına çağırıldıqlarını bildirib.
XS
SM
MD
LG