Accessibility links

İran məktəblərində yeni xarici dillər, ingiliscə tədris və ana dili məsələsi [Audio-Müsahibə]


Məhəmməd Rəhmanifər
Məhəmməd Rəhmanifər

Məhəmməd Rəhmanifər İranda yeni xarici dillərin tədrisinə dair layihəni dəyərləndirir

Bu yaxınlarda İran İslam Respublikasının təhsil üzrə ali şurası ingiliscədən əlavə alman, fransız, italyan, ispan və rus dillərinin də İran məktəblərində tədrisi üçün şəraitin hazırlanacağını bildirib. Təbrizdən Amerikanın Səsinə danışan yazar və ingilis dili tərcüməçisi və müəllimi Məhəmməd Rəhmanifər bu layihənin ortaya qoyulmasının səbəbləri və icra olunması ilə bağlı çətinlikləri şərh edib. Habelə o, İranda təhsil və iş sahəsində ingilis dilinin önəmi və məktəblərdə tədrisinin səviyyəsi ilə bağlı düşüncələrini paylaşıb.

İngilis dilinin İranda tədrisi niyə sıxışdırılır?
please wait

No media source currently available

0:00 0:18:06 0:00

Təhsil üzrə ali şura adları çəkilən 5 xarici dilin tədrisinə dair qərarını İranın ali ruhani liderinin ingilis dilinin geniş yayılmasına etirazından sonra açıqlayıb.

“Təəsüf ki, bəzi hallarda farsca yerinə ingilis dili ucaldılır. Artıq iş ingiliscənin məktəbəqədər uşaqlara öyrədilməsinə qədər irəliləyib,” deyə Ayətullah Xamenei bir neçə həftə öncə müəllimlər ilə görüşündə dilə gətirmişdi.

Bu layihəyə siyasi bir jest demək olar. Necə ki, bundan öncə Amerika dollarına qarşı belə sözlər danışıldı ki, beynəlxalq səviyyədə Amerika dolları yerinə başqa ölkələrin pulları ilə ticarətə girək.
Məhəmməd Rəhmanifər

Məhəmməd Rəhmanifər isə xarici bir dilin yayılması ilə bərabər o dilin arxasındakı mədəniyyət və adət-ənənələrin də toplumda yayıldığına diqqət çəkərək bunun bir təhdid olaraq görülə biləcəyini deyir.

“Bir baxımdan, bu layihəyə siyasi bir jest demək olar. Necə ki, bundan öncə Amerika dollarına qarşı belə sözlər danışıldı ki, beynəlxalq səviyyədə Amerika dolları yerinə başqa ölkələrin pulları ilə ticarətə girək. Başqa bir baxımdan da, dil öyrənmək məsələsində bir əsas vardır: Başqa bir dili öyrənəndə sadəcə o dilin quralları, quruluşu və bu kimiləri öyrənmirik. O dilin arxasında yatan kültürəl keçmiş, ənənələr və inanclar da vardır ki bəzən heç özümüz bilmədən beynimizə daxil olur,” deyə yazar ifadə edir.

​O, öz təcrübələrinə əsaslanaraq fərqli xarici dillər öyrənənlərin fərqli ictimai davranışlar sərgilədiyini önə çəkir.

Təbrizdə ingilis dili tərcüməçisi və müəllimi kimi çalışan Rəhmanifər əsasən İranda ingilis dili tədrisi səviyyəsinin aşağı olduğunu vurğulayır:

“İranda ingiliscə tədrisi çox bərbad durumdadır. Dövlət məktəblərində ingiliscəni gətirib 13-14 yaşdan sonra öyrətməyə başlayırlar. Bu yaşdan sonra dili öyrənmək mümkün olsa da mənimsəmək mümkün olmur. Müəllimlərin savadsız olması məsələsi də var... İranda ingiliscəni yaxşı öyrənənlər özləri çalışıblar. Nə dövlət məktəbləri nə də özəl məktəblər, heç biri yaxşı öyrətmir. Amma, istisnalar ola bilər.”

O, İranda ingilis dilinin fars dilinə qarşı təhdid təşkil edəcək vəziyyətdə olmadığını deyir:

İngiliscə İranda o qədər oturmayıb ki farscaya təhdid olsun. 70-80 milyonluq ölkədə neçə nəfər tapılar ki desin mən farscanı qoyacağam qırağa və ingiliscə oxuyacağam?
Məhəmməd Rəhmanifər

“İngiliscə İranda o qədər oturmayıb ki farscaya təhdid olsun. 70-80 milyonluq ölkədə neçə nəfər tapılar ki desin mən farscanı qoyacağam qırağa və ingiliscə oxuyacağam?.. Misal üçün, bilimyurdlarda (universitetlər) bəzən xüsusilə yüksək lisans səviyyəsində professorlar ingiliscə mətnlər üzərindən dərs vermək istəyirlər. Amma, mən tərcümə işindəyəm, bu öyrəncilər gətirir bu mətnləri farscaya tərcümə etdirib farscasını oxuyurlar...”

Məhəmməd Rəhmanifər məktəblərdə ingiliscəyə əlavə olaraq 5 yeni xarici dilin tədrisinin əməldə çətin olacağını müdafiə edir.

“Bunun əməli olması çətindir. Çünki, bunu icra etməyə məktəblərdə kadr lazimdir. Müəllim lazimdir. Bunlar, hər kəsi də müəllim kimi işə almırlar. Misal üçün İranda italyan dili oxumuş nə qədər adam var ki? İndi şagirdlər o dili seçsələr bunlar haradan müəllim gətirəcək?”

Rəhmanifər bu yeni layihənin tətbiq edilməsinin maddi imkanlar tələb etdiyinə işarə edərək İranda qeyri-farslar üçün ana dildə təhsilə qarşı çıxanlar tərəfindən iqtisadi problemlərin ortaya qoyulduğuna diqqət çəkir.

XS
SM
MD
LG