Accessibility links

İran Polisi Muğanda 1 blogger və 9 "quldur"u həbs etdiyini bildirir


İran Polisi
İran Polisi

İnternetdə qeyri-əxlaqi materiallar yaymaqda ittiham edilən bir gənc blogger, eləcə də ümumi asayişi pozmaqda günahlandırılan 9 vətəndaşın Ərdəbil vilayətinin Muğan bölgəsində İran polisi tərəfindən həbs edildiyi bildirilir.

İSNA xəbər agentliyinin yaydığı məlumata istinadən, İran İnternet Polisinin (FATA) Ərdəbil vilayəti bölməsi tərəfindən nəzarət altına alınmış 21 yaşlı muğanlı blogger internetdə bloqlar dizayn edib və qeyri-əxlaqi şəkil, musiqi və filimlər yaymaqda ittiham edilir.

İSNA agentliyi polisin açıqladığı məlumata əsasən xəbər verib: “Polis ekspertləri internet fəzasında mütəmadi olaraq araşdırmalar apararaq ədəbsiz filim və şəkil, habelə qeyri-əxlaqi musiqi yayan bir bloqun izini tutub və materialların Parsabad şəhərində yaşayan 21 yaşlı bir gənc tərəfindən yükləndiyini təsbit etdilər.”

Polis ədəbsiz və qeyri-əxlaqi materialların nədən ibarət olduğu ilə bağlı məlumat verməyib.

İSNA həmçinin İran polisinin Muğan bölgəsində yerləşən Parsabad şəhərində ümumi asayişi pozan “quldur”lara qarşı 10 günlük əməliyyat keçirdiyini bildirib.

“Əməliyyata qatılan polis məmurları asayişi pozmaqla məşqul olan 9 nəfəri müəyyənləşdirərək, onları nəzarət altına almağı bacarıblar. Tutulanlar məhkəmə orqanlarına təslim edilib,”-deyə Parsabad şəhərinin polis komandiri polkovnik İlyas Dəlir söyləyib.

Xəbər agentlikləri muğanlı blogger və digər tutulanların adı və kimliyi ilə bağlı məlumat verməyib.

Beynəlxalq insan haqları qruplarına istinadən İran İslam Respublikası internetə ciddi şəkildə nəzarət edir və ölkədə internet fəaliyyətləri üzündən təzyiq, həbs və işgəncəyə məruz qalanların sayı kəskin artmaqdadır.

Ötən ilin noyabr ayında İranın İnternet Polisi tərəfindən həbs edilən iranlı blogger Səttar Beheşti həbsxanada sorğu-suala çəkildiyi günlər həyatını itirib. İnsan haqları qrupları onun ağır işgəncələr üzündən öldüyünü yazıb.

XS
SM
MD
LG