Accessibility links

Dünya ölkələrinin İranın nüvə razılığına reaksiyaları


İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

İsrail nüvə sazişinə qəzəbli reaksiya verib

Dünya qüdrətləri və İran arasında İranın nüvə silahı istehsal etməyəcəyini təmin etmək məqsədilə əldə olunan tarixi razılıqla bağlı xəbər İsrail tərəfindən tənqidlə qarşılanıb, Birləşmiş Millətlər Təşkilatı və Rusiya tərəfindən isə alqışlanıb.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü İranla əldə olunan nüvə razılığını “tarixi” səhv adlandırıb və İslam Respublikasının nüvə bombası hazırlamasının qarşısını almaq üçün səyləri davam etdirməyə söz verib.

Bu saziş həm regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasına töhfə verəcək
Ban Ki Mun

BMT-nin Baş katibi Ban Ki Mun çərşənbə axşamı verdiyi bəyanatda danışıqları aparan vasitəçiləri razılığı başa çatdırmaları münasibətilə təbrik edib.

“Mən bu gün Vyanada əldə olunan tarixi qərarı alqışlayıram və bu razılığı əldə etdiklərinə görə P5+1 və İranı təbrik edirəm. Bu, dialoqun daşıdığı dəyərin göstəricisidir”-deyə cənab Ban bildirib.

“Mən ümid edirəm və inanıram ki, bu razılıq Yaxın Şərqdə təhlükəsizliklə bağlı bir sıra məsələlərin həllində daha böyük anlayış və əməkdaşlığa gətirib çıxaraq. Beləliklə, bu saziş həm regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasına töhfə verəcək,” --deyə BMT baş katibinin bəyanatında bildirilib.

Rusiyada prezident Vladimir Putin yeni nüvə razılığı sayəsində bütün dünyanın rahat nəfəs ala biləcəyini deyib və əlavə edib ki, danışıqları aparan ölkələr sabitlik və əməkdaşlıığın qorunması üçün çətin qərarlar veriblər.

Avropa İttifaqı bu razılığı dünya üçün yeni ümid adlandırıb.

Pakistan və Əfqanıstan hökümətləri də bəyanat verərək nüvə sazişini alqışlayıblar.

Əfqanıstan prezidenti Əşrəf Qani “ölkələr arasında siyasi və iqtisadi əlaqələrin artırılması, eləcə də regionda sülh və sabitliyin təmin edilməsinə xidmət edən səyləri alqışladığını” bildirib.

Lakin İsrailin siyasi arenasında demək olar bütün qruplar arasında İranla nüvə razılaşması tənqidi reaksiya doğurub. Ölkədə İsrailinəzəli düşməni olan İranın dünyanı aldatdığı və İsrailə qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Rəsmi Tehran İsrailə hücum edən yaraqlı qrupları dəstəkləyir və İran liderləri əvvəllər dəfələrlə İsrailin məhv olunmasına çağırıb.

Cənab Netanyahu İranla razılığa ən ciddi şəkildə müxalif olduğunu bildirib. İsrail lideri ilə Obama administrasiyası və nüvə proqramının məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların yüngülləşdirilməsini dəstəkləyən digər Qərb ölkələri arasında məsələ ilə bağlı qarşıdurma baş verib.

"Təbii ki, biz yaraqlı İslam dövləti olan İranın nüvə silahı istehsalının bir yolunu tapacağından narahatıq,"-deyə o bildirib.

Təbii ki, biz yaraqlı İslam dövləti olan İranın nüvə silahı istehsalının bir yolunu tapacağından narahatıq
Benyamin Netanyahu

Haaretz qəzetinin vebsaytında verilmiş məlumata görə, İranla nüvə sazişinin bir nüsxəsi çərşənbə günü İsrailə göndərilib.

Bazar ertəsi İsrarilin Müdafiə naziri Moşe Yaalon The Jerusalem Post qəzetinə razılığın “yalan və hiylə” üzərində qurulduğunu deyib.

İsrailin ilk addım olaraq sazişi rədd etmək üçün ABŞ Konqresində lobbiçilik fəaliyyətlərinə başlayacağı gözlənilir.

Xarici İşlər nazirinin müavini Tzipi Hotoveli deyib ki, İsrail “razılığın təsdiq olunmasının” qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək.

XS
SM
MD
LG