Accessibility links

Haşimi Rəfsəncani: ABŞ Azərbaycan və Bəluçistan vilayətlərini İrandan ayırmaq istəyir


İran İslam Respublikası Məsləhət Şurasının başqanı, sabiq prezident və qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürən, ancaq Nəzarət Şurası tərəfindən rədd edilən Ayətulla Əkbər Haşimi Rəfsəncani ABŞ Senatının Azərbaycan, habelə Sistan və Bəluçistan vilayətlərini İrandan ayırmaq istədiyini qeyd edib.

Haşimi Rəfsəncani bu sözləri namizədliyinin Nəzarət Şurası tərəfindən rədd edilməsindən sonra seçki kampaniyası üzvləri ilə keçirdiyi toplantıda söyləyib.

Milli Etimad Partiyasının mətbuat orqanı olan Səham News veb səhifəsinin yazdığına görə, Rəfsəncani İran İslam Respublikasının üzləşdiyi iqtisadi və siyasi böhran və xalqın geniş tələbini nəzərə alaraq namizədliyini irəli sürdüyünü bildirib.

“Amerikanın Senat məclisində İranla bağlı iki təhlükəli planı var. Seçkilərin durumu bəlli olduqdan sonra bu xüsusda aktiv fəaliyyətə başlayacaqlar. Azərbaycan, eləcə də Sistan və Bəluçistanı İrandan ayırmaq istəyirlər. Sonra İsrail İrana hücum etsə, ona hərbi dəstək verəcəklər. Bəlkə də bu bir psixoloji savaşdır, ancaq alimlər demişkən hər bir ehtimal insanın üzərinə bir vəzifə gətirir”-deyə İran İslam Respublikasının təsisçilərindən olan məşhur siyasətçi ölkənin xarici təhlükələrlə qarşı-qarşıya olduğunu vurğulayıb.

İranın sabiq prezidentinin bu bəyanatlarının Konqresmen Dana Rohrabakerin ötən il Nümayəndələr Palatasına təqdim etdiyi qətnamələr ilə əlaqəli olduğu güman edilir. Cənab Rohrabaker ABŞ dövlətini İranda yaşayan Azərbaycan türkləri və bəluçların öz müqəddəratını təyinetmə haqqını müdafiə etməyə çağırıb.

Show comments

XS
SM
MD
LG