Accessibility links

İranın Dövlət Teleradio şirkəti dünya şöhrətli İran azərbaycanlı müğənni Sami Yusifin musiqisinə qadağa qoyulduğunu elan edib.

Məlumata görə, bundan sonra müğənninin mahnılarının efirdə səslənməsinə icazə verilməyəcək.

Xəbər agentlikləri qadağanın Tehranda doğulmuş azərbaycanlı müğənninin İsrailə səfərilə əlaqədar olduğu haqda məlumat verib.

Sami Yusif öz veb səhifəsində Nazaret şəhərində konsert verməsilə əlaqədar İranın Dövlət Radio və Televiziya şirkətinin onun mahnıları və ifasına efirdə qadağa qoymasını təəccüblə qarşıladığını bildirib. "Fələstinli bacı və qardaşlarımın üzünə təbəssüm gətirməyimin İran hökuməti tərəfindən cinayət kimi qarşılanacağını ağlıma gətirməzdim. İranda mənim musiqimi bir müddət dinləyə bilməyən dinləyəcilərimə üzrxahlığımı bildirirəm, amma Fələstində konsert verdiyim üçün üzr istəmirəm. Musiqi azaddır və heç vaxt nə sərhədlərlə məhdudlaşdırıla, nə də ondan siyasi məqsədlərlə istifadə edilə bilər. Musiqi zaman və məkanda azad səslənməlidir. Bir gün azad Fələstini görə bilək"-deyə müğənni öz səhifəsində yazıb.

Dünya şöhrətli müğənni ingilis, türk, fars, ərəb və s. kimi dillərdə müxtəlif dini mahnılar ifa edir. Sami Yusif Amerika Birləşmiş Ştatlarının “Time” dərgisi tərəfindən “İslam dünyasının ən böyük rok ulduzu” və İngiltərənin “Guardian” dərgisi tərəfindən “müqəddəs rokun ulduzu” adlandırılıb.

XS
SM
MD
LG