Accessibility links

Prezident Ruhanidən türkmən dilinin tədrisi tələb edilir

Ziyalı, yazar, universitet müəllimi, həkim, sənətçi, mədəni fəal, evdar və müxtəlif peşə qruplarından ibarət olan 800-dən artıq İran türkməni prezident Həsən Ruhaniyə açıq məktub ünvanlayıb.

Məktubda türkmənlərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması və türkmən dilinin Türkmənsəhra bölgəsinin məktəblərində tədris edilməsi istənilib.

Türkmənsəhra bölgəsində fəaliyyət göstərən internet portalları məktubu bir müddət öncə nəşr edərək imza üçün türkmən vətəndaşlara müraciət etmişdi.

İranda insan haqlarına dair məlumat yayan HRA agentliyi isə avqustun 28-də məktubu imzalayanların siyahısı ilə bərabər yayımlayıb.

HRA-nın bildirdiyinə görə, açıq məktub Türkmənsəhra bölgəsi millət vəkilləri vasitəsilə prezident Həsən Ruhaniyə çatdırılıb.

Müraciətdə həmçinin yaşadıqları Gülüstan və Xorasan vilayətlərində türkmənlərin yüksək dövlət vəzifələrinə gələ bilmələrə üçün maneələrin qaldırılması istənilib.

Hüquq müdafiəçiləri sünni-hənəfi məzhəbinə mənsub olan türkmənlərin İranda həm dini, həm də etnik ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.

Türkmənlər İranın Gülüstan, Quzey Xorasan və Rəzəvi Xorasan vilayətlərinin bir çox bölgələrində yaşayırlar. Türkmənistanın cənubunda yerləşən bu bölgələrə Türkmənsəhra deyilir. Günbəd Kavus (Türkməncə: Kümmet Gowuz) İranda əhalisinin əksəriyyəti türkmən olan ən böyük şəhərdir.

XS
SM
MD
LG