Accessibility links

Elxan Şahinoğlu: İran iqtisadi sanksiyalardan təsir gördüyünə görə indi qonşularına üz tutub


Elxan Şahinoğlu: İran iqtisadi sanksiyalardan təsir gördüyünə görə indi qonşularına üz tutub

Elxan Şahinoğlu: İran iqtisadi sanksiyalardan təsir gördüyünə görə indi qonşularına üz tutub

Siyasi Şərhçi Elxan Şahinoğlununun fikrinə görə İranın istəyi əsasında iki ölkə arasında hərbi, siyasi və ya iqtisadi əməkdaşlıq genişlənərsə, bu azərbaycanla qərb arasındakı münasibətlərə ciddi təsir edə bilər

İranın öz növə proqramına görə məruz qaldığı beynəlxalq sanksiyaların təsirini göstərməyə başladığı bir zamanda bu ölkənin rəhbərliyi Azərbaycan kimi qonşu ölkələrlə əlaqələrini yaxşılaşdırmağa səy göstərir. İranın bu səylərinin nə dərəcədə real nəticə verəcəyi və region ölkələrinin İranın belə bir addımını nə şəkildə qarşılayacaqları məsələsi barədə Tapdıq Fərhadoğlunun Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu ilə müsahibəsi

Sual: Son dövrlər İranın yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfərləri artmaqda davam edirş Bunun səbəbləri nədi,

Cavab: Bunun səbəbləri ondan ibarətdir ki, bildiyiniz kimi İran ətrafında beynəlxalq dairə qapanıb. BMT-nin sanksiyaları qüvvədədir. Bundan başqa ABŞ, Avropa Birliyi ölkələri İrana qarşı tək tərəfli sanksiyalar, iqtisadi sanksiyalar qəbul ediblər. Və son günlərdə biz müşahidə edirik ki, İranla çalışan və İranda çalışan böyük Avropa şirkətləri, enerji şirkətləri İranla əməkdaşlıqdan imtina edirlər. Və bunun nəticəsində İran iqdisadiyyatında vəziyyət son dərəcədə ağırlaşıb, infilyasiya yüksəlib və pul dəyərdən düşüb.Və bundan çıxış yolu kimi iranlı rəsmilər görünür münasibətlərini qonşu dövlətlərlə sıxlaşdırmaqda görürlər. Türkiyə, Ermənistan, Azərbaycan və sizin də doğru qeyd etdiyiniz kimi İranlı rəsmilərin səfərləri Azərbaycana və o cümlədən Ermənistana da artıb. Bundan başqa azərbaycanlı rəsmiləri də İrana dəvət edilirlər. Tehranda Azərbaycanla bağlı konfranslar keçirilir. İranın istəyi bundan ibarətdir ki, Azərbaycanla iqtisadi əlaqələri genişləndirsin, siyasi hərbi sahələrdə müəyyən ortaq nöqtələr tapsın. Və bu istiqamətdə çalışmalarını sürətləndirsin ki, heç olmasa İran, ətrafında yaranan bu dairəni zəif də olsa dağıda bilsin.

Sual: Hətta İranın müdafiə naziri Xəzərdə birgə təlimlərin keçirilməsi ilə bağlı təkliflə də çıxış etmişdir. Bu nə dərəcədə realdır?

Cavab: Bunu mən real hesab etmirəm. Doğrudur İranın müdafiə naziri Bakıda belə bir təklifi irəli sürdü. Hətta hərbi əməkdaşlığı genişləndirmək istiqamətində də çox geniş müzakirələr açdı. Lakin onunla görüşən müdafiə nazirimiz Səfər Əbiyevin bir cümləsi kifayət idi ki, görünsün ki, Azərbaycan hökuməti İranla hərbi əməkdaşlığa hazır deyil. Səfər Əbiyev İranı işarə edərək dedi ki, bəzi dövlətlər hələdə işğalçılara dəstəklərinə davam edirlər. Bu İrana mesaj idi. O cümlədən Xəzərdə də hər hansısa təlimlərdən söhbət gedə bilməz. Ola bilsin ki, hansısa kiçik həcmli təlimlərə Azərbaycan razılaşsın. Ama geniş miqyaslı hərbi əməkdaşlıqdan söhbət gedə bilməz. Birinci səbəb yenədə təkrar edirəm, İranın Ermənistan və Dağlıq Qarabağ probleminə olan münasibəti, ikinci səbəb isə Qərbin İrana tətbiq etdiyi sanksiyalardır ki, Azərbaycan bu sanksiyaların əleyhinə İranla əməkdaşlığa getməz. Ona görə ki, əks halda Qərblə münasibətləri pozula bilər.

Sual: Bir neçə il əvvəl İranın hərbi gəmisi Azərbaycanın dənizdə neft kəşfiyyatı gəmisinə hücum etmişdi. Və İran təyyarələri Azərbaycanın hava sərhədlərini pozaraq Azərbaycan ərazisinin dərinliklərinə doğru irəliləmişdi və müəyyən bəyanatlardan sonra onlar geri çəkildi. Bir vaxtlar münasibətlər bu vəziyyətdə olduğu halda indi İranın belə bəyanatlarla çıxış etməsinin səbəbi nədir.

Cavab: Siz doğru xatırladınız o məsələləri. Bizim hava sərhəddimizi də İran pozurdu, su sərhəddimizi də pozurdu. Neft yataqlarımıza az qala hücumlar edirdi. Bu o zaman idi ki, İran ətrafında beynəlxalq dairə qapanmamışdı. Belə güclü sanksiyalar İrana hələ tətbiq olunmurdu. Və İran Azərbaycan- Qərb əməkdaşlığını həzm etmiyərək Azərbaycana qarşı bu şantaj üsulundan istifadə edirdi. Indi ki, İranın vəziyyəti ağırlaşıb. Ona görə də Azərbaycanla el dilində desək pişim-pişimlə danışmağa çalışırlar. Azərbaycanı hərbi əməkdaşlığa cəlb etmək istəyirlər. Ama biz keçmiş təcrübədən də çıxış edərək bir az İranla ehtiyatlı olmaq məcburiyyətindəyik. Tutalım ki biz keçmişdə baş verən hadisələri unutmağa hazırıq, ama İranın indiki siyasəti də axı dəyişmir. Yenə də təkrar edirəm, bir tərəfdən İranın müdafiə naziri Azərbaycana gəlir, o biri tərəfdən də parlamentin sözçüsü Erevana gedərək Ermənistanla iqtisadi münasibətləri dərinləşdirməyə çalışır. Və bu siyasət dəyişməyincə İranla Azərbaycanın əməkdaşlığının genişlənməsi mümkün deyil.

Sual: Amerika maliyyə nazirinin müavini də Azərbaycana səfər edib. Və Azərbaycanla BMT-nin 19, 29 saylı qətnaməsini müzakirə edib. Azərbaycanın İranla bir sıra müştərək iqtisadi fəaliyyətləri var. Ehtimal etmək olarmı ki, bu müştərək fəaliyyətlər də dayandırılacaqdır.

Cevap: İranla Azərbaycan arasında siyasi, iqtisadi, hərbi əməkdaşlıq o səviyyədə deyil ki, Amerika bundan çox ciddi narahat olsun. Buna baxmayaraq Azərbaycana İranlı rəsmilərin səfərlərinin çoxalması, və iranlı rəsmilərin biz Azərbaycanla iqtisadi əməkdaşlığın həcmini on dəfələrlə artırmaq istəyirik demələri, Amerikada görünür ki, müəyyən narahatlıqlar yaradıb. Və ona görə də amerikalı rəsmi həm Azərbaycana həm də Türkiyəyə səfərə gəlib. Düşünürəm ki, belə bir vəziyyətdə, yəni İrana qarşı BMT sanksiyalarının qüvvədə olduğu bir ərəfədə Azərbaycan ABŞ-ın istəklərini qulaq ardına vurmaz. Yenə də təkrar edirəm İranın istəyi əsasında hərbi, siyasi və ya iqtisadi əməkdaşlıq genişlənərsə, bu azərbaycanla qərb arasındakı münasibətlərə ciddi təsir edə bilər. Mən düşünürəm ki, elə amerikalı rəsminin Azərbaycana səfəri Azərbaycan hökumətinə bu istiqamətdə yumuşaq xəbərdarlığın çatdırmasından ibarətdir.

..



XS
SM
MD
LG