Accessibility links

Şahin Mustafayev: İranın nüvə razılaşması regional əməkdaşlığa və sabitliyə çox əlverişli təsir göstərəcək


Həsən Ruhani və Şahin Mustafayev

Həsən Ruhani və Şahin Mustafayev

“Beynəlxalq Altılıqla nüvə razılaçması imzalandıqdan sonra bütün dünyadan bir çox şirkətlər İrana investisiya həyata keçirməyə can atır. Amma Tehran ilk növbədə öz qonşuları ilə əməkdaşlığa üstünlük verir və birinci yerdə Azərbaycan gəlir”. Bu barədə İran prezidenti Həsən Ruhani avqustun 4-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi Tehranda qəbul edərkən bildirib.

İRNA agentliyinin məlumatına görə, Ruhani Azərbaycanı “Qafqaza açılan qapı” adlandırıb. Eyni zamanda, o bildirib ki, İran Bakı üçün “Fars körfəzinə gedən yol” ola bilər.

Energetika sahəsində əməkdaşlığa toxunan Ruhani qeyd edib ki, “Xəzərdə birgə investisiyalar bu sahədə yeni səhifə aça bilər”.

Öz növbəsində, Şahin Mustafayev İranın nüvə razılaşmasının regional əməkdaşlığa və sabitliyə çox əlverişli təsir göstərəcəyindən əminliyini bildirib.

“Bakı İranla energetika, ticarət, nəqliyyat, neft-kimya, bank və kənd təsərrüfatı sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir”, Mustafayev bildirib.

Bu gün Mustafayevin İranın neft naziri Bijan Zangane ilə də görüşü keçirilib. Görüşdə Mustafayev qeyd edib ki, İran öz neft və qazını Avropaya nəql etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər, gələcəkdə isə TANAP layihəsinə də qoşula bilər.

İranın iqtisadiyyat naziri Əli Talibniya ilə görüşdə tərəflər investisiyalar və İranın maliyyə qurumlarının Azərbaycandakı fəaliyyətinin bərpası üzrə ikitərəfli komissiyalar yaradılması haqqında razılıq əldə ediblər.

İki ölkə arasında ticarət dövriyyəsinin hazırki 500 mln. dollarlıq həcmi dəfələrlə arta bilər, deyə İran naziri bildirib.

XS
SM
MD
LG