Accessibility links

Aclıq edən azərbaycanlı fəal həbsxana klinikasına köçürülüb


Behnam Şeyxi
Behnam Şeyxi

Behnam Şeyxinin səhhəti ağırlaşıb

İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə iki aya yaxındır Tehranın Evin zindanında saxlanan, 4 gündür quru aclıq aksiyası keçirən Behnam Şeyxinin səhhəti ağırlaşıb.
“Media forum” saytı xəbər verir ki, azərbaycanlı fəal tutulandan az sonra qanunsuz həbsinə, zindandakı ağır şəraitə və məmurların kobud rəftarına etiraz olaraq 11 gün aclıq etmişdi. Həbsxana rəhbərliyi saxlanma şəraitinin yaxşılaşacağı haqda vəd verəndən sonra Behnam Şeyxi aclığı dayandırmışdı. Vəd yerinə yetirilmədiyi üçün azərbaycanlı fəal aprelin 25-dən quru aclıq aksiyasına başlayıb.

Behnam Şeyxi Tehranın Evin zindanının 209-cu korpusunda saxlanır.

Səhhəti pisləşdiyinə görə Behnam Şeyxi həbsxananın klinikasına köçürülüb. Həkimlər ona sistem qoşmaq istəyiblər, ancaq Behnam Şeyxi buna mane olub. Ona ailəsi ilə telefonla danışmağa şərait yaradılıb. Azərbaycanlı fəalın ailəsinin ciddi narahatlıq içində olduğu bildirilir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Behnam Şeyxini martın 5-də iş yerində tutub aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi Beynəlxalq Ana dili Günü tədbirlərində fəal iştirakı ilə əlaqələndirilir.
XS
SM
MD
LG