Accessibility links

Məhəmməd Musəvi Xoeyniha: İranda milyardlarla dollarlıq oğurluqları ört-basdır edib, xalqa axirətdən danışırlar


Ayətullah Seyid Məhəmməd Musəvi

Ayətullah Seyid Məhəmməd Musəvi

O hesab edir ki, islahat tərəfdarlarının növbəti prezident seçkisinə qatılması düzgün deyil

İslahatçı Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha jurnalistlərə açıqlama verib.

“Media forum” saytının məlumatına görə, o deyib ki, islahat tərəfdarlarına təzyiqi nəzərə alaraq növbəti prezident seçkisinə qatılmaq düzgün deyil: “Bizə deyirlər ki, növbəti prezident seçkisinə qatılmaq və ya prezidentliyə namizəd irəli sürmək istəyirsinizsə, 2009-cu ilin prezident seçkisi zamanı yaranmış fitnəni (seçki nəticəsinə etirazları – red.) pisləməlisiniz. Biz də soruşuruq ki, fitnəni pisləmək nə deməkdir? Olmaya Mirhüseyn Musəvi və Mehdi Kərrubini pisləməliyik?

Mirhüseyn Musəvini prezidentliyə namizəd irəli sürdük. O da hesab edir ki, səsləri oğurlanıb. Bu məsələyə hələ aydınlıq gətirilməyib. Bunlar seçki davasının iki iddiaçısından birini prezident postuna qoyublar, digərini isə ev dustağı ediblər. İndi də deyirlər əvvəlcə Musəvi, Kərrubi və Məhəmməd Xatəmini pisləməlisiniz ki, sizin növbəti seçkiyə qatılmağınıza icazə verək. Yəqin sabah da deyəcəklər ki, siyasi məhbusları, özünüzü, keçmişinizi də pisləyin ki, sizi öz sıralarımıza qəbul edək.

Bu cənablar o qədər yalan danışıblar ki, xalq artıq onların heç bir sözünə inanmır. Bunların təsəvvürünə görə, ölkəni ağıl, məntiq və düzgün qərarla yox, məhz yalanla idarə etmək mümkündür. Problemləri həll etmək əvəzinə onu inkar edir, milyardlarla dollarlıq oğurluqları ört-basdır etməyə çalışır, xalqa isə yalnız axirətdən danışırlar. Halbuki yalan danışmaqla Allah yoluna getmək, insanları ona yaxınlaşdırmaq olmaz.

Bütün dünya bilir ki, 2-ni 2-yə vuranda 4 eləyir. Lakin bu cənablar gecə-gündüz hesablama aparıb xalqa zorla qəbul etdirməyə çalışırlar ki, 2-ni 2-yə vuranda 5 eləyir”.
XS
SM
MD
LG