Accessibility links

Sərhəddsiz Reportyorlar: Xaricdə iranlı jurnalistlərə 70 təzyiq qeydə alınıb


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

“Sərhədsiz Reportyorlar” İranda jurnalistlərin vəziyyətindən narahatdır

Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist hüquqlarının müdafiəsi təşkilatı İranla bağlı bəyanat yayıb.

APA agentliyinin məlumatına görə, sənəddə əsasən jurnalistlər Fəriba Pəjivə, Məhəmməd Çırağı və Fərzani Nurinin vəziyyətindən narahatlıq ifadə edilir.

Bəyanatda deyilir ki, bu il ölkə xaricində jurnalistlərə və vebbloqqerlərə qarşı 70-dən artıq təzyiq faktı qeydə alınıb.

“Ölkə xaricində məskunlaşmış jurnalistlərin ailələri məhkəməyə çağırılıb, dindirilib və ya telefonla, mesajlarla təhdid olunublar”.

Sənəddə həmçinin “Fransa” beynəlxalq radiosunun əməkdaşı və islahatçı jurnalist F. Pəjivənin vəziyyətindən narahatçılıq bildirilir.

“Bu jurnalist İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu bəndində saxlanılır.

Nobel sülh mükafatı laureatı, vəkil Şirin İbadi bildirib ki, F. Pəjivə heç bir səbəb olmadan yalnız təhlükəsizlik müstəntiqinin göstərişi ilə həbs edilib və təcridxanaya salınıb. Onun sözlərinə görə, məhkəmələrin müstəqilliyinin olmaması səbəbindən prokurorlar və inqilab məhkəmələri təhlükəsizlik məmurlarının istəklərinə əməl edirlər”.

Eyni zamanda bəyanatda “Mocəzvebannews” saytının jurnalisti Fərhad Nurinin anası Fərzanə Nurinin Şiraz İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edildiyi vurğulanır.

“F. Nuri 2011-ci ildə həbs edilib. Onun ittihamı qeyd olunmasa da, oğlunun fəaliyyətinə görə sorğu-suala çəkilib. Fərhad Nuri hazırda xaricdədir”.

Sənəddə “Səda və sima” telekanalının keçmiş müxbiri və kinorejissor Məhəmməd Çırağidən də bəhs edilir.

“Bu jurnalist 2013-cu il iyulun 21-də həbs edilib. O, iyunun 14-də İranda keçirilmiş prezident seçkiləri zamanı yaydığı məlumatlara görə tanınıb”.

“Sərhədsiz Reportyorlar” bəyanatının sonunda İrandan xaricdə məskunlaşmış jurnalistlərlə bağlı dünya ictimaiyyətini addımlar atmağa və Avropa Birliyini onların təhlükəsizliyini təmin etməyə çağırır.

“Biz Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştondan bilərəkdən beynəlxalq hüquq normalarını pozduğuna görə İranla bağlı ciddi ölçü götürülməsini istəyirik”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG