Accessibility links

İrandan Azərbaycana və Rusiyaya narkotik daşıyanlar həbs edilib


Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

Onlardan 40 kiloqramdan çox narkotik götürülüb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) son günlər İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilmiş 40 kiloqram 500 qramdan artıq narkotik vasitə aşkar edərək götürüb.

MTN-nin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin birgə əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya vətəndaşları - Əliheydər Babayev və Yavər Cəfərov Rusiyanın Tümen şəhərində saxlanıb, sonuncunun idarə etdiyi avtomobildən 25 kiloqram 500 qram həşiş aşkarlanaraq götürülüb.

MTN-nin həyata keçirdiyi digər əməliyyat nəticəsində Azərbaycan vətəndaşları – Seyran Əliyev, Eldar Əliyev, Ağa Ağayev, Humay Məmmədova və Göyçək Əsədova saxlanıb.
Müəyyən edilib ki, yuxarıda adları sadalananlar, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İranın Şəhram və Behbud adlı vətəndaşları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycanın Astara rayonunun İstisu kəndinin ərazisinə gətiribr. Qrupun üzvləri İranda satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 12 kiloqram 128,1 qram həşiş qətranını sonradan sərnişin qatarında qaçaq yolla Rusiya ərazisinə keçirməyə cəhd edərkən cinayət başında yaxalanıb.

MTN həyata keçirdiyi daha bir əməliyyat nəticəsində Azərbaycan vətəndaşları – Vaqif Əliyev, İlqar Əhmədov, Elşad Heydərov və qeyriləri saxlanılıb. 2 kiloqram 948,8 qram tiryək aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.
XS
SM
MD
LG