Accessibility links

İran səfirliyi: İran Azərbaycan vətəndaşları ilə bağlı məhdudiyyət qoymayıb


İran səfirliyi

İran səfirliyi

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi sərhəd keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün məhdudiyyət qoyulması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bir neçə gün öncə yerli media İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qayda tətbiq etdiyini yazıb. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb.

O, İranın Azərbaycan və İran xalqları arasında əlaqələrin güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilər.

Ayətullahi bildirib ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırıb.

İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər.

XS
SM
MD
LG