Accessibility links

Edam edilənlər narkotik qaçaqmalçılığında və oğurluqda təqsirləndirilib.

2012-ci il başlanandan İranda 14 nəfər edam olunub.

İranın Simnan və Kirmanşah əyalətlərində 4 nəfər edam edilib. APA Agentliyinin məlumatına görə, ölüm hökmü çıxarılan məhbuslardan biri narkotik maddələrin qaçaqmalçılığında, digər üç nəfər isə oğurluqda təqsirləndirilib. “Sepah” bankından 271 min ABŞ dolları oğurlamaqda və soyğun zamanı 3 bank işçisini qətlə yetirməkdə ittiham olunan Sadiq İsgəndəri, Sasan Besami və Əlirza Əhmədi Kirmanşah əyalətinin Azadlıq meydanında əhalinin gözü qarşısında asılıb.

Simnan İnqilab Məhkəməsinin ölüm hökmü çıxardığı Xorasan sakini Məhəmməd Sədiqi isə 952,3 qram narkotik maddə daşımaqda təqsirləndirilərək Simnan zindanında edam edilib.Agentliyin digər xəbərində isə İranın Bəm və Zəncan şəhərlərində 10 nəfərin edam edildiyi bildirilir.
Ölüm hökmü çıxarılan məhbuslar narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Bəm və Zəncan zindanlarının hər birində 5 nəfər asılıb. Ölüm hökmü 2012-ci il yanvarın 2-də icra edilib.
Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının “Ölümə alışqanlıq” adlı hesabatında İranda 2011-ci ildə 488 nəfər narkotik maddələrin alğı-satqısında, istifadəsində ittiham olunaraq edam edilib. Bu rəqəm ümumi edamların 81 faizini təşkil edir.
Hesabatda qeyd edilib ki, narkotikə görə ölüm cəzası İran cəmiyyətinin əzilən və yoxsul təbəqəsinə daha çox zərər verir. Bu təbəqəni də əsasən etnik qruplar, əfqanlar və xarici vətəndaşlar təşkil edir. Statistik məlumatlara görə, İranda 2 milyon narkoman var və bu ölkə dünyanın ən böyük tiryək bazarına çevrilib.

XS
SM
MD
LG