Accessibility links

İranda azərbaycanlı tələbələr kütləvi etirazı davam etdirir [Yenilənir]


Tebriz Universitetinde etirazlar

Tebriz Universitetinde etirazlar

Aksiyalar hazırda bir çox universitetdə davam edir və bəzi şəhərlərdə insanların qarşıdakı saatlarda küçələrə çıxacağı gözlənilir

Dünən İranın bir çox azərbaycanlılar yaşayan şəhərlərində polislərin müdaxiləsi ilə müşayiət olunan kütləvi nümayişlərindən sonra bu gün də aksiyaların davam etdiyi bildirilir. İlk aksiyanın Təbriz Universitetində keçirildiyinə dair məlumat daxil olub.

Tələbələr "Azərbaycan əyilməz Türkün beli bükülməz", "Haray, haray, mən türkəm", "Azərbaycan var olsun, istəməyən kor olsun" kimi şüarlar səsləndiriblər.

Təbriz Universitetində etirazlar

Təbriz Universitetində etirazlar

İranın ayrıseçkilik siyasətinə etiraz edən nümayişçilər bu günlərdə İran dövlət televiziyasında yayımlanan proqramda türklərin təhqir olunduğunu bildirir.

Təbriz Universitetindən sonra Urmiyə Universitesi, Təbrizin Milli Universiteti, eləcə də Şəhid Mədəni Universiteti, bundan başqa Zəncaq və Marağa universitetlərində də etirazlar qeydə alınıb. Aksiyaların hazırda davam etdiyi və bəzi şəhərlərdə insanların qarşıdakı saatlarda küçələrə çıxacağı gözlənilir.

Urmiyə şəhərində tələbələrin tələblərinə əsasən şəhərin millət vəkili Cavad Cahangirzadə gələrək etirazçıların suallarını cavablandırıb.

İmza kampaniyası

İmza kampaniyası

Marağa Universitetində isə tələbələr imza kampaniyası başladıb. Kampaniya türklərə qarşı ayrıseçkiliyə son qoyulması və Türk Dilinin rəsmi dil olmasını tələb edir.

Dünən Təbriz, Urmiyə, Sulduz, Ərdəbil, Marağa, Xoy, Tehran və başqa şəhərlərdə keçirilən kütləvi aksiyalarda "Haray, haray, mən türkəm", "İrqçiliyə son qoyun", "Azərbaycan milləti, çəkəmməz bu zilləti" kimi şüarlar səsləndiriblər.

Güneyli fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, dünənki aksiyalar zamanı polis nümayişlərə müdaxilə edib. Xüsusilə Ərdəbil və Təbriz şəhərlərində polislə qarşıdurma zamanı yaralananlar olub.

Cümə günü noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə" adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG