Accessibility links

Dekabrın 5-də İranın Qərbi Azərbaycan vilayətinin Piranşəhr şəhərində baş verən məktəb yanğını zamanı xəsarət alan məktəbli qız Təbrizin Sina xəstəxanasında həyatını itirib. Piranşəhrin İran parlamentindəki deputatı Rəsul Xezrinin dediklərinə görə, 10 yaşında olan Seyran Yeganə yanğın zamanı aldığı ağır yaralar və zəhərli qazların tənəffüs orqanlarına vurduğu zərər nəticəsində xəstəxanada vəfat edib.

Rəsmi adı Piranşəhr olan, amma əhalinin Xana adlandırdığı şəhərin yaxınlığındakı Şinabad kəndində baş verən bu yanğında xəsarət alan 16 şagird Urmiyə xəstəxanalarına, bədənin 50 faizdən çox hissəsi yanmış12 şagird isə Təbrizin Sina xəstəxanasına aparılıb. Seyran Yeganə Təbrizə göndərilən 12 şagirddən biri idi.

Xəbər agentliklərinin yazdığına görə, yanğın haqda izahat vermək üçün məclisə çağırılan təhsil naziri Həmid Rza Hacıbabayi sinfin müəllimini günahlandırıb. Hacıbabayı əlavə edib ki, yanğın başlandıqdan sonra müəllim şagirdləri sinifdən küçəyə çıxarmaq əvəzinə qızdırıcı sobanı çıxarmağa çalışıb.

Təhsil nazirinin müavini Murtəza Rəisi isə danışıqlarında qızdırıcı sobanı istehsal edən Ərc şirkətini günahkar bilib. Təhsil naziri həmçinin “bu gündən qiyamətə qədər təhsil nazirliyində baş verən bütün hadisələr üçün üzr istəyirəm” deyib.

Bəzi xəbər veb səhifələri Hacıbabayinin bu sözlərini onun hadisəyə istehza ilə yanaşması kimi qiymətləndirib və naziri qınayıblar. Deputat Rəsul Xizri isə yenə də təhsil nazirini istefa etməyə çağırıb.

Show comments

XS
SM
MD
LG