Accessibility links

İranda daha 4 azərbaycanlı siyasi fəaal həbsdən azad edilib


İranda daha 4 azərbaycanlı siyasi fəaal həbsdən azad edilib
İranda daha 4 azərbaycanlı siyasi fəaal həbsdən azad edilib

Zəmanətlə müvəqqəti azadlığa buraxılan fəallara qarşı rəsmi ittihamlar elan edilməsə də ailələri və vəkillərinin bildirdiklərinə görə onlara qarşı hakimiyyət və dövlətin təhlükəsizliyi əleyhinə fəaliyyət, ölkənin sabitliyini pozmaq kimi ittihamlar irəli sürülüb. Fəalların məhkəmə prosesinin tarixi, onların vəkil tərəfindən təmsil olunmalarına imkan verilib-verilməyəcəyi isə hələ də sual altındadır.

Azərbaycanlı siyasi və mədəni fəallardan əlavə dördü İran zindanlarını müvəqqəti olaraq tərk edib. REHANA və Güney Azərbaycan Xəbər agentlikləri və Azərbaycan Öyrənci Hərəkatının yaydıqları xəbərlərə görə mühəndis Mahmud Fəzli* 220 milyon tümən (220 min Dollar) müqabilində oktyabrın 25-də, zaminə buraxılıb. Onun mühakimə prosesinin başlama tarixi hələ müəyyən edilməyib. Mühəndis Fəzli 137 gün həbsdə qalandan sonra azadlığa buraxılıb.

Bu halda Güney Azərbaycan Xəbər Bülleteni iki ayrı xəbərdə Həmidə (Pınar) Fərəczadə, Aydın Xaceyi və Həsən Rəhimi Bəyatın həbsdən azad edilmələri barədə xəbər verir. Cənubi Azərbaycan Xəbər Agentliyi saytı da də bu xəbəri təsdiqləyib və əlavə edib ki, onların hər birinin zaminə buraxılmaları üçün 220 milyon tümən pul ödənib.

Pınar xanımın ailəsindən daha iki adam həbsdə olublar. Bir neçə gün əvvəl onun bacısı Zəhra xanım həbsdən azad oldu, ancaq yeznəsi Ayət Mehrəlibəyli hələ ki həbsdədir və casusluqda ittiham edilir. Həmidə xanım 151 gün zindanda qalıb. O, Urmiyədə tutularaq Təbriz Ettelaatına təhvil verilmişdi. Fərəczadə xanım Tehranın Tibb Elmləri Universitetində təhsil alıb və qadın haqlarını müdafiə edir.

"Güney Azərbaycan Xəbər Mərkəzi" saytı da eyni xəbəri yayır və iddia edir ki, eyni gündə, Aydın Xaceyi də 220 milyon tümən zəmanətlə həbsdən azad olub. Amma ona qarşı ittihamlar və onun mühakimə prosesinin nə zaman başlayacağı barədə məlumat verilməyib. Aydın Xaceyi 154 gün həbsdə qalıb. Aydın "AZOH" bloqunun aparıcısı olduğuna görə əmniyyət məmurları tərəfindən tutulmuşdu. O, həbsinin 75 gününü Ettealat təcridxanasında və qalan günləri Təbrizin məkəz zindanında keçirib. Aydın Xaceyi Təbriz Universitetində huquq təhsili alırdı. "Güney Azərbaycan Xəbər Mərkəzi" nin bildirdiyinə görə ictimai-siyasi fəaliyyətlərinə görə, universitet rəhbərliyi ona təhsilini davam etdirməkdə çətinliklər törədirdi.

Həsən Rəhimi Bəyat da müvəqqəti olaraq azadlığa buraxılanlardan biridir. O, Oktyabrın 26-da zəmanətlə azadlığa buraxılıb. Cənab Bəyat mühəndisdir və İranda " Qəzetçilərin İnsan Haqlarını Müdafiə Kömitəsinin" üzvüdür. H. Rəhimi Bəyat 112 gün əvvəl tutulub və Tehranın "Evin" zindanında saxlanıb. O, daha sonra Təbriz həbsxanasına təhvil verilib.

Yuxarıda adları sadalanan azərbaycanlılar təhlükəsizlik qüvvələri tərəfindən tutulan zaman və həbsdə olduqları müddətdə onlara qarşı ittihamlar barədə rəsmi məlumat verilməyib. Ancaq ailələri və vəkillərinə istinadən verilən xəbərlərdə deyilir ki, onlar əsasən "GAMOH" təşkilatına üzv olmaq, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, ölkədə sabitliyə qarşı təhlükə törətmək, əcnəbilərlə əməkdaşlıq və hətta casusluq kimi ittihamlarla üzləşirlər.

*Redaktorun qeydi: Redaktə səhvinə görə bu xəbərin əvvəlki versiyasında mühəndis Mahmud Fəzlinin tələbə bloqunun təmsilçisi olması haqqındakı yanlış məlumata görə izləyicilərimizdən üzr istəyir, səhvə bizim diqqətimizi cəlb edən dostlarımıza təşəkkürümüzü bildiririk.

XS
SM
MD
LG