Accessibility links

Mosul məktəbləri qapılarını açmağa başlayıb [Video]


İslam Dövləti yaraqlılarının İraqın Mosul şəhərini işğalından üç il sonra fevral ayında şəhər məktəbləri qapılarını yavaş-yavaş şagirdlərin üzünə açmağa başlayıb. Müəllimlər və şagirdlər şəhərdəki dağıntılar arasında təhsil sisteminin bərpa edilməsinin çox ağır olduğunu, lakin bunun İslam Dövlətinin regionda törətdiklərinin izini itirmək üçün vacib olduğunu deyir.

Məktəbdən 3 il uzaqlaşan müəllimlər və şagirdlərın çoxu başlanğıca, yazı və oxuya qayıtmağın gərək olduğunu deyir. Müəllimlərin dediyinə görə, İŞİD-in yaddaşlarına həkk etdiyi dəhşətləri uşaqlar yalnız məktəbdə unuda bilər. “Təhsil İslam Dövləti ideologiyasına son qoymaq deməkdir. Buna isə məktəblərin açılması ilə nail oluna bilər. Biz buna xüsusi yanaşmalıyıq, çünki uzun zaman itirmişik” deyə, müəllim İbrahim Qənim bildirir.

Baxmayaraq ki, şagirdlərin çoxunun kitabı yoxdur, onlardan bəziləri dərsə gəlməyə başlayıb. UNİCEF-in məlumatında deyilir ki, fevralın ortalarında başlayacaq imtahanlar ərəfəsində Mosulun şərqindəki 30-a qədər məktəbə artıq 16 min şagird gedir.

İslam Dövlətinin zorakılıqlarından qorxaraq evlərindən çıxa bilməyən uşaqlar bir neçə ildən sonra məktəbə getdiklərinə görə sevindiklərini deyirlər. 11 yaşlı Ömər “Mən həkim olmaq və xəstələri müalicə etmək istəyirəm” deyir.

Lakin müharibənin sonu görünmür və əsasən uşaqlar olmaqla, insanların üzündə kədər qalmaqda davam edir. “Atamı militantlar öldürdü. İslam Dövləti bizi məktəbə getməyə qoymurdu” deyə, 7 yaşlı Məhəmməd bildirir.

İraq ordusu Mosulun qərbinə Fərat çayından keçərək hücum etməyi planlaşdırır. Yerli sakinlər deyirlər ki, şəhərin qərb hissəsindəki ailələr hazırda məktəbi düşünmür, çoxları yalnız sağ qalmağa çalışır.

XS
SM
MD
LG