Accessibility links

İraq ordusu Ramadidə İŞİD döyüşçülərini məğlubiyyətə uğradır


İraq əsgərləri Ramadidə
İraq əsgərləri Ramadidə

Yeddi ay əvvəl nəzarəti itirdikdən sonra şəhəri geri almaq üçün hücum keçirən İraq hərbi qüvvələri Ramadinin mərkəzində İslam Dövləti qrupunun yaraqlılarını mühasirəyə alıb.

Xüsusi təyinatlı əks-terror birləşməsinin başçılığı ilə genişmiqyaslı hücumun ikinci günü hərbi qüvvələr İraqın Ənbər vilayətinin paytaxtı olan Ramadidə hökumət kompleskinə nəzarəti ələ almağa çalışır. İŞİD-in yüzlərlə döyüşçüsünün şəhərin mərkəzində barrikadalar arxasında gizləndiyi deyilir.

İraq hərbi qüvvələrinin rəsmiləri hökumət qüvvələrinin bir neçə gün ərzində Rarmadinin nəzarətini ələ alacağını bildirib.

Havadan İŞİD-hədəflərinə zərbələr endirməklə İraq hərbi qüvvələrini dəstəkləyən ABŞ-ın başçılığı ilə koalisiyanın sözçüsü, polkovnik Stiv Uorren əməliyyatlara daha ehtiyatla qiymət verib. O, Ramadiyə nəzarətin geri alınmasının qaçılmaz olduğunu desə də, döyüşün çətin olacağını və vaxt aparacağını bildirib.

Polkovnik Uorrenin sözlərinə görə, şəhərdə 250 ilə 350 arasında, ətraf bölgələrdə isə bir neçə yüz yaraqlının olduğu ehtimal edilir.

İraq hərbi qüvvələri may ayında Ramadinin İŞİD terrorçularının əlinə keçməsindən sonra ilk dəfə olaraq şəhərdə mühüm irəliləyişə nail olduqlarını bildirib.

2014-cü ilin ortalarında İslam Dövləti qrupu tərəfindən ələ keçirilən şimal və qərb bölgələrini geri almağa çalışan İraq qüvvələrinə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan yardım edir.

Son 10 gündə koalisiya qüvvələri Ramadiyə 30-dan çox hava hücumu həyata keçirib.

XS
SM
MD
LG