Accessibility links

İraqda bir neçə əsas şəhəri zəbt edən sünni yaraqlılar Bağdaddan 90 km şimalda yerləşən Duluyə şəhərinin nəzarətini ələ keçirib.

Onlar paytaxtı da ələ keçirəcəkləri ilə hədələyib.

İslamçı İraq Dövləti və Əl-Qaidəyə bağlı Levant qrupları müsəlmanların müqəddəs şəhəri Kərbəlanı da ələ keçirmək istədiklərini bildirib.

Eyni zamanda kürd qüvvələri şimal Kərkük şəhərinin nəzarətini ələ keçirib.

BMT-nin Təhlükəsizlik Şurası bugünkü sessiyası zamanı İraqdakı vəziyyəti gündəmə gətirir. Görüşdən əvvəl verilən bəyanatda İraqın iknci böyük şəhəri Mosulun ələ kçeirilməsi ciddi şəkildə tənqid edilib. Şuraya üzv ölkələr bildirib ki, zorakılıqlar və terrorizm İraqı demokratiya və sülh yolundan yayındıra bilər.

ABŞ-da da İraqdakı vəziyyətin normallaşdırılması istiqamətində fəaliyyət göstərilir. Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri deyib ki, İraqa dronlar göndərilməsi məsələsi istisna edilmir.

Ağ Evin mətbuat katibinin müavini Coş Ernest Amerikanın İraqa hər bir lazımi yardımı göstərəcəyini bildirsə də, spesifik detallara toxunmayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də təfərrüata varmadan Amerikanın İraq liderləri ilə cavab yollarını koordinasiya etdiyini bildirib.

İraqın baş naziri Nuri Əl-Maliki və Ninevah vilayətinin qubernatoru Athil Nuceyfi Mosul sakinlərini şəhərin qaytarılması üçün mübarizəyə səsləyib.

Beynəlxalq Miqrasiya Təşkilatı yaranmış durum səbəbi ilə 500 min insanın evlərini tərk etdiyini bildirir.

İraqda bu il 4500 insan zorakılıqların qurbanı olub. Təkcə ötən ay 900 nəfər həlak olub.
XS
SM
MD
LG