Accessibility links

İraqda Xalq Mücahidlərinin düşərgəsində qanlı insident yaşanıb (yenilənib)


İranın ən böyük müxalif qruplarından olan Xalq Mücahidlər Təşkilatının İraqdakı “Əşrəf” qərargahına silahlı hücum olub.

“Media forum” saytının son məlumatlara əsasən yaydığı xəbərə görə, sentyabrın 1-də İraqın hökumət qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində ən azı 52 mücahid qətlə yetirilib, onlarla adam yaralanıb, 5 nəfər isə tutularaq bilinməz istiqamətə aparılıb.

Hücum zamanı “Əşrəf” qərargahında cəmi 100 mücahid olub.

İran Xalq Mücahidlər Təşkilatı qırğının rəsmi Tehranın İraq hökumətinə verdiyi tapşırıq əsasında həyata keçirildiyini bəyan edib. Təşkilatın bəyanatında deyilir ki, mücahidlərə hücumdan bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymani Bağdada səfər edərək İraqın baş naziri Nuri əl-Maliki ilə görüşüb və həmin görüşdə “Əşrəf” qərargahındakı mücahidlərin ölkədən çıxarılmasını, ya da onların taleyinin biryolluq həll olunmasını istəyib.

Rəsmi Tehran isə bu iddiaları təkzib edib, “Əşrəf” qərargahına hücumda heç bir iştirakı olmadığını bəyan edib.

Məlumatlara görə, hücum zamanı tərksilah edilən mücahidlərin bəzilərinin əllərini bağlayıb başından güllə ilə vurublar. Bəzi yaralıların qərargahın klinikasında ikinci dəfə hücuma məruz qaldığı, burada güllələndiyi bildirilir.

Xalq Mücahidləri Təşkilatının qətlə yetirilən üzvləri (Foto Media forum saytından götürülüb)

Xalq Mücahidləri Təşkilatının qətlə yetirilən üzvləri (Foto Media forum saytından götürülüb)

Qətlə yetirilənlərdən 7-si Xalq Mücahidlər Təşkilatının Rəyasət Heyətinin üzvüdür.
Silahlı basqında həlak olan mücahidlər bunlardır: Hüseyn Sultani, Əmirhüseyn Əfzəlniya, Bijən Mirzayi, Nasir Kirmaniyan, Əmir Nəzəri, Zöhrə Qaimi, Giti Givəçiyan, Mitra Baqırzadə, Jila Tülu, Fatimə Kamyab, Məryəm Hüseyni, Məcid Şivyari, Əzim Narui, Rəhman Mənani, Həsən Cabbari, Səid Əxəvan, Hüseyn Rəsuli, Nasir Həbəşi, Əli Əsğər Mekanik, Əli Mahmudi, İbrahim Əsədi, Mehdi Fətullah Nejad, Əlirza Xoşnevis, Mahmudrza Səfəvi, Əsğər Emadi, Şəhram Yasəri, Səid Norəsi, Əli Seyid Əhmədi, Sirus Fəthi, Heydər Gərmabi, Kuruş Səidi, Əli Feyz Şəbangahi, Həmid Sabiri, Nəbi Seyf, Hadi Nəxciri, Şahrox Ohədi, Əli Əsğər Qədiri, Şüca Mütəvəlli, Mehrdad Cəfərzadə, Məhəmməd Gürci, Qasım Rizvani, Əhməd Bustani, Hüseyn Mədəni, Nasir Sərabi, Qubad Səidpur, Yasər Haciyan, Əlirza Purməhəmmədi, Ərdəşir Şərifiyan, Əhməd Vəşaq, Fəriborz Şeyxülislam, Həmid Batibi və Həsən Qulampur.
Xalq Mücahidləri Təşkilatı İranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü edam olunub və ya xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb.

ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilib, “Əşrəf” qərargahı ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə öz qüvvələrini İraqdan çıxaran ABŞ hökuməti bu qərargaha nəzarəti İraq hökumətinə tapşırıb. Burada bir neçə dəfə hücuma məruz qalan 3 mindən çox mücahid BMT qüvvələrinin nəzarəti ilə 2013-cü ilin ilk aylarında Bağdad yaxınlığındakı “Liberti” hərbi qərargahına köçürülüb. 100 nəfər mücahid isə “Əşrəf”də qalıb.

****

İranın dissident qrupu və İraq rəsmiləri bildirir ki, İraqdakı düşərgələrdən birində baş vermiş toqquşma və partlayışlar nəticəsində qrupun bir neçə üzvü öldürülüb.

MEK kimi tanınan Xalq Mücahidləri və İraq hökuməti bu gün baş verən insidenti bir-birindən fərqli təsvir edib.

MEK bildirib ki, İraq təhlükəsizlik qüvvələri tərəfindən keçirilən reyd nəticəsində Əşrəf düşərgəsində 44 nəfər həlak olub. Düşərgə yüzə yaxın İranın dini rejiminə qarşı olan MEK üzvünə ev sahibliyi edir.

İraq rəsmiləri düşərgə sakinlərinin daxili atışma nəticəsində öldüyünü deyib və İraq üvvələrinin insidentdə iştirakını rədd edib. Ancaq adının açıqlanmasını istəməyən bir polis rəsmisi bildirib ki, sakinlərin İraq briqadasına hücumundan sonra düşərgəyə mərmi atılıb.

İraq rəsmilərinin hazırda ölənlərin sayını dəqiqləşdirməyə çalışır.
XS
SM
MD
LG