Accessibility links

İran-Azərbaycan münasibətləri: rəsmi mövqelər


Azərbaycan və İran bayraqları

Azərbaycan və İran bayraqları

Hər iki tərəf münasibətlərə xələl gətirən əcnəbi əldən danışır. İran yenə Ramiz Mehdiyevin səfəri və Suriya ilə bağlı məşvərətə toxunub

Mayın 14-də İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü Abbas Əraqçi Azərbaycanla münasibətlərdən danışıb.

“Media forum” saytının məlumatına görə, Abbas Əraqçi “Belə güman olunur ki, Azərbaycan Təhlükəsizlik Şurası sədrinin (Ramiz Mehdiyev – red.) İrana səfərindən sonra bu ölkənin Suriya ilə bağlı mövqeyində dəyişiklik yaranıb. Bu haqda nə deyə bilərsiniz” sualını belə cavablandırıb:

“Azərbaycan Respublikası bizim yaxın dost və qonşumuzdur. Düzdür, həmişə bu dostluq münasibətlərinə xələl gətirməyə çalışan amillər olub. Həmişə də bu kimi təşəbbüslərdə əcnəbilərin əlinin olduğunu görmüşük. Bununla belə, Azərbaycan Respublikası rəhbərlərinin iradəsi İranla mövcud əlaqələri genişləndirməkdir. Biz buna görə minnətdarıq və çalışırıq ki, münasibətləri qarşılıqlı hörmət və ehtirama doğru inkişaf etdirək, üçüncü bir tərəfin bu münasibətlərə müdaxiləsinin qarşısını alaq.

Suriyaya gəlincə, biz bu ölkədəki problemin yalnız siyasi yolla həll olunmasının tərəfdarıyıq və hazırda həmin prinsip əsasında dünyanın bir sıra ölkələrində kollektiv bir fikir formalaşmaqdadır. Biz Suriyada və bölgədə baş verən dəyişikliklərlə bağlı Azərbaycanla yaxından məşvərətlər aparır, fikir mübadiləsi edirik. Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərində də bu haqda yaxşı məşvərətlər aparmışıq. Hesab edirik ki, bu kimi məşvərətlər problemlə bağlı mövqelərimizin bir-birinə yaxınlaşmasına yardım edə bilər”.

Abbas Əraqçi Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin İrana gözlənilən səfərinə də toxunub: “Şeyxülislam Paşazadə yaxın gələcəkdə İrana səfər edəcək. O, Azərbaycanda tanınmış, hörmətli bir şəxsiyyətidir. İran xalqı və ruhaniləri ilə həmişə yaxın münasibətləri olub. Hesab edirik ki, onun İrana səfəri də hər iki ölkə ruhaniləri arasındakı bu dostuq münasibətləri əsasında gerçəkləşəcək”, o qeyd edib .

Mayın 14-də Azərbaycan Milli Məclisinin plenar iclasında da İran mövzusuna toxunulub.

Deputat Zahid Oruc İran-Azərbaycan münasibətlərindən danışarkən İranda Azərbaycana qarşı ərazi iddiaları səsləndirildiyini vurğulayıb. O, 2013-cü ildə Gülüstan müqaviləsinin 200 ilinin tamam olduğunu xatırladaraq parlamenti ictimai dinləmələr keçirilməsinə dəstək olmağa çağırıb.

“Media forum” saytının məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov Zahid Oruca irad tutub.

“Siz təcrübəli millət vəkilisiniz. Bilirsiniz ki, bizi təxribata çəkirlər. Niyə təxribata gedirsiniz? Mən də Gülüstan sülhünü eşidəndə içimdən yanıram, ona görə də heç bir çağırış etmirəm”, spiker bildirib.
XS
SM
MD
LG