Accessibility links

İsa Qəmbər: Müsavat qərargahına hücum etmək, bu artıq bütün qanunların tapdanması, çeynənməsi deməkdir [Audio]


İsa Qəmbər: Azərbaycan xalqı artıq belə yaşamaq istəmədiyini ortaya qoydu (AUDİO)

İsa Qəmbər: Azərbaycan xalqı artıq belə yaşamaq istəmədiyini ortaya qoydu (AUDİO)

“Biz beynəlxalq ictimaiyyətə də müraciət edərək bu qanunsuzluqlara, xüsusən Müsavat qərargahına hücuma münasibət bildirməyə, bunları qınamağa çağırmışıq”, Müsavat Partiyasının başqanı bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Müsavat Partiyasının Məclis üzvlərinin və fəallarının saxlanması, gənclərin aksiyası zamanı həbslər, aksiyalarda iştiraka görə cərimələrin artırılmasına münasibət bildirib.


Sual: Oktyabrın 20-də Müsavat Partiyasının məclisinin iclası zamanı məclis üzvlərinin bir çoxu polis şöbələrinə aparılıb, inzibati qaydada cərimələnib və həbs edilib. Necə qiymətləndirirsiniz?

Cavab: Bu hakimiyyət tərəfindən çox kobud qanun pozuntusudur. Sosial şəbəkələrdə fəaliyyət göstərən gənclər tərəfindən oktyabrın 20-də mitinq, dinc etiraz aksiyası keçirmək barədə qərar qəbul edilmişdi. Bu qərardan xeyli əvvəl Müsavat Partiyasının Divanının qərarına əsasən oktyabrın 20-də Müsavat Partiyasının məclisinin keçirilməsi nəzərdə tutulmuşdu.

Biz səhər məclisin toplantısına başlayanda artıq Müsavatın qərargahının ətrafında polis toplaşmağa başlamışdı, daha sonra çoxlu sayda polis əməkdaşları və mülki geyimlilər polis avtomobillərinin müşayiəti ilə faktiki olaraq Müsavat Partiyasının qərargahını mühasirəyə almışdı. Biz saat 14-də Məclisin iclasını bitirdikdən sonra məclis üzvləri qərargahı tərk etdiyi zaman, onların bir qismi və gənclər Fəvvarələr meydanında aksiyada iştirak etmək üçün gedirdilər. Bu zaman mülki geyimlilər onlara hücum edərək, həm gəncləri, həm də məclis üzvlərini həbs edib. Cavan, yaşlı, qadın demədən hər kəsə qarşı kobudluq göstərməklə onları həbs edərək, polis məntəqələrinə aparmağa başladılar.

Bundan sonra, mülki geyimlilər Müsavatın qərargahına soxularaq burada da həbslər həyata keçirməyə başladılar. Müsavat Partiyası məclisinin sədri Arzu Səmədbəyli, müavinlərim, Divan üzvləri, gənclər təşkilatlarının rəhbərləri həbs olunaraq polis məntəqələrinə aparıldılar. Faktiki bir neçə saat Müsavat qərargahı mülki geyimlilərin və polis əməkdaşlarının hücumuna məruz qaldı.

Partiyanın qərargahında olanlar bir növ girov vəziyyətində idilər. Çünki kim qərargahdan çıxırdısa, demək olar ki, istisnasız olaraq həbs edilirdi. Həmin saatlarda qərargaha gələn bir neçə şəxs də həbsə məruz qalıb.

Biz, bunu hakimiyyətin bütövlükdə cəmiyyətdən, xalqdan, müxalifətdən qorxusu kimi qiymətləndiririk. Bu hakimiyyət tərəfindən ilk dəfə deyil. Ancaq, qərargaha hücum etmək, qərargahdakı insanları həbs etmək, bu artıq bütün qanunların tapdanması, çeynənməsi deməkdir.

Biz Müsavat olaraq buna qəti etirazımızı bildirmişik. Bu barədə bu gün ayrıca bəyanatımız da oldu. Biz beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə də müraciət edərək bu qanunsuzluqlara, xüsusən Müsavat qərargahına hücuma münasibət bildirməyə, bunları qınamağa çağırmışıq.

Sual: Bu, prezident seçkilərinə bir ildən bir qədər az qalmış bir vaxtda baş verib. Prezident seçkiləri qabağı mühiti necə qiymətləndirirsiniz? Ədalətli, azad, demokratik seçkilər keçirmək üçün mühit varmı və ya olacağına ümid edirsinizmi?

Cavab: Doğrudan da artıq seçki ilinə daxil olmuşuq. Seçki ili başlayıb. Buna baxmayaraq yenə də ölkədə qanunsuzluqlar davam edir. Əgər demokratik qüvvələrin, müxalifətin televiziya efirinə çıxmağa imkanları, sərbəst toplaşmaq azadlığı, mətbuat azadlığı yoxdursa, siyasi partiyaların hətta öz qərargahlarında da fəaliyyət göstərməyə imkan verilmirsə hansı seçki mühitindən, hansı bərabər imkanlardan danışmaq mümkün ola bilər.

Hakimiyyət çox gözəl dərk edir ki, normal seçkidə uduzacaq və demokratik qüvvələrin nümayəndələri hakimiyyətə gələcək. Buna görə də seçki ərəfəsində, seçki ilində azadlıqları genişləndirmək haqqında deyil, daha da məhdudlaşdırmaq haqqında düşünür. Sərbəst toplaşmaq, söz və mətbuat, partiyaların sərbəst fəaliyyət azadlığına bütün bu basqılar, müdaxilələr hakimiyyətin məhz qorxusundan, ictimai rəyin gerçəkliklərini bilməsindən irəli gəlir.

Sual: Yerli KİV-lərin məlumatına görə, elə bu gün, icazəsiz aksiyalarda iştiraka görə, cərimələrin yüz dəfədən çox artırılmasını nəzərdə tutan “Sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişikliklər barədə” qanun layihəsi parlamentə daxil olub. Necə qiymətləndirirsiniz?

Cavab: Bu bizim dediklərimizi bir qədər də möhkəmləndirən bir hadisədir. Hakimiyyət ictimai rəyə uduzduğunu dərk edir, azad seçki keçiriləcəyi halda uduzacağını dərk edir və ona görə də insanları fəallıqdan çəkindirməyə çalışır.

Görürlər ki, həbslərlə, təzyiqlərlə, hədə-qorxularla insanları çəkindirmək, sındırmaq mümkün olmayıb. İndi də görünür, onsuz da kasıblıdan, pulsuzluqdan, maddi çətinliklərdən əziyyət çəkən müxalifətçiləri indi də pulla sınağa çəkmək istəyirlər ki, insanlar kütləvi tədbirlərdən çəkinsin.

Biz buna hüquqi müstəvidə etirazımızı bildirəcəyik və çalışacağıq ki, bunun qəbul olunmasının qarşısını alaq. Qəbul edildiyi halda isə qanuna etiraz bildirəcəyik. Çünki bu, qəbul ediləcəyi halda heç bir demokratiya anlayışına uyğun gəlməyən, sadəcə hakimiyyətin xalqdan qorxusunu ifadə edən bir qanun olacaq.

Sual: Belə bir halda vəziyyətdən çıxışı nədə görürsünüz?

Cavab: Vəziyyətdən çıxış yolu insanların fəallığındadır. İnsanlar fəallıq etdiyi yerdə hakimiyyətin heç bir saxta qanunları, repressiv addımları situasiyanı dəyişməyəcək. İnsanlar fəallaşmalıdır, siyasi qüvvələr daha çox birgə hərəkət etməyə, qüvvələrini cəmləşdirməyə və cəmiyyəti fəallaşdırmağa çalışmalıdır. Bu proses onsuz da gedir. Hesab edirəm ki, hakimiyyətin son addımları da cəmiyyətin konsolidasiyasına və fəallaşmasına əlavə təkan verəcək.
XS
SM
MD
LG