Accessibility links

İsa Qəmbər: Rusiyanın gətirdiyi sülh uzunmüddətli mina deməkdir [Video-Müsahibə]


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabğ ətrafındakı son durumdan danışıb

Azərbaycan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağda son döyüşlər, sülh danışıqları, Rusiyanın münaqişəyə və sülh prosesinə yanaşması, Azərbaycanda islahatların vacibliyindən danışıb.

Amerikanın Səsi: 3 günlük döyüşlərdə nə qazanıldı, nə itirildi? Sülh yaxındadırmı?

Düşünmürəm ki, yaxın zamanlarda bu konflikti həll etmək və son saziş, sülh sazişi əldə etmək mümkün olsun.

İsa Qəmbər: İlk növbədə onu qeyd etmək olar ki, müəyyən hərbi uğurlar əldə edildi. Kim isə bu hərbi uğurları çox şişirdə bilər, kim isə kiçik görə bilər, amma bütün ciddi ekspertlər Azərbaycan Ordusunun müəyyən irəliləyiş əldə etdiyini, müəyyən uğurlar əldə etdiyini qeyd edir. Bu xüsusi qeyd olunmalıdır. Eyni zamanda təsdiq olundu ki, Azərbaycan xalqı Qarabağı unutmayıb, heç bir zaman unutmayacaq, Azərbaycan xalqı bəzilərinin bədgüman olduğu kimi Qarabağ mövzusuna, vətən, torpaq mözvusuna laqeydləşməyib, biganələşməyib. Bu çox aydın bir şəkildə göründü və çox önəmli bir fakordur. Çünki istənilən mübarizədə, qarşıdurmada tərəflərin əhval-ruhiyyəsi, mənəvi gücü həlledici bir amildir. Eyni zamanda, ciddi bir uğur əldə olundu ki, Qarabağ məsələsi yenidən beynəlxalq diplomatiyanın gündəminə gəldi. Yəni, bir qədər elə bil, unudulmuş bir konfliktə çevrilirdi, dondurulmuş ifadəsi tez-tez işlənilirdi. Dünyada bu qədər gərgin nöqtələrin, konfliktlərin, çox böyük insan itkiləri ilə müşayiət olunan qarşıdurmaların olduğu mərhələdə, - xüsusilə Yaxın Şərqdə, - Qarabağ konflikti elə bil unudulurdu. Bu hadisələr bir daha beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara xatırlatdı ki, konflikti həll etmək lazımdır. Konfliktin ədalətli həllinə nail olmaq lazımdır. Həmçinin erməni tərəfi bir daha dərk etdi ki, status-kvo əbədi deyil. Onlar Azərbaycan torpaqlarını qanuni sahibinə qaytarmalıdırlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, suverenlik bərpa olunmalıdır. Amma, təbii ki, erməni azlığının da Avropa standartlarına uyğun haqlarının tanınması şərti ilə, bu bir daha ortaya çıxdı və məncə çox önəmlidir. Diplomatik həll yaxınlaşdımı? Elə bil ki, bu proses yenidən canlandı, ancaq mən düşünmürəm ki, yaxın zamanlarda bu konflikti həll etmək və son saziş, sülh sazişi əldə etmək mümkün olsun.

Amerikanın Səsi: Rusiyanın yeni təklifləri münaqişənin dinc yolla nizamlanmasına gətirib çıxara bilərmi?

Rusiyanın təklifləri diqqətlə yanaşıldıqda Azərbaycanın prinsipial mövqeyinə cavab vermir və dolayısı yolla Rusiyanın özünün Cənubi Qafqazda, Azərbaycanda və Ermənistanda mövqeyinin gücləndirilməsinə xidmət edir.

İsa Qəmbər: Rusiya bu konfliktin həllində maraqlı deyil. Çünki bu konfliktin mövcudluğu, eləcə də Cənubi Qafqazda, post-sovet məkanının digər yerlərində konfliktlərin olması Rusiyanın yaratdığı bir situasiyadır. Rusiyanın maraqlarına cavab verir, yanlış başa düşülmüş maraqlarına cavab verir. Bu yolla Moskva post-sovet məkanına nəzarət etməyə çalışır, Yeni Müstəqil Dövlətlərin daxili işlərinə qarışmağa çalışır. Bəzən də buna nail olur. Ona görə də Rusiya konfliktin həllində maraqlı deyil. Rusiyanın təklifləri diqqətlə yanaşıldıqda Azərbaycanın prinsipial mövqeyinə cavab vermir və dolayısı yolla Rusiyanın özünün Cənubi Qafqazda, Azərbaycanda və Ermənistanda mövqeyinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda necə ki, 1922-ci ildə heç bir ehtiyac olmadan Dağlıq Qarabağda muxtar vilayət yaratmaqla, bu torpaqlara uzunmüddətli bir mina qoyub. İndi də Rusiyanın nəzarətində əldə olunan bir sülh burada uzunmüddətli bir minanın olması deməkdir. Bu Rusiyanın yenə də istədiyi vaxt minanı partlatmaq və qarşıdurma yaratmaq, stabilliyi pozmaq imkanıdır. Ona görə də heç bir halda Rusiyanın təkliflərinə sıcaq yanaşmaq olmaz. Yalnız beynəlxalq təşkilatların birgə səyi, birgə addımları ilə Azərbaycan tərəfinin haqlı mövqeyini nəzərə almaq şərti ilə sülh danışıqlarının və sülh araşdırmalarının məntiqi və mənası var.

Amerikanın Səsi: 2010-cu ildə Azərbaycan, Gürcüstan və Ermənistan müxalifəti Potsdam bəyannaməsi imzalayıb. Bu bəyannamə münaqişənin dinc yolla nizamlanmasına hansı kömək edə bilər?

Bu əməliyyat Ermənistan tərəfini hadisələrə daha obyektiv, daha realist yanaşmağa sövq edə bilər. Bu baxımdan bu əməliyyat hesab edirəm ki, bütün tərəflərə məsələlərə daha realist yanaşmaq üçün əlavə bir təkan ola bilər.

İsa Qəmbər: 2010-cu ildə Potsdamda biz, Müsavat Partiyası olaraq Ermənistanın Ümummilli Hərəkatı və Gürcüstanın indi hakimiyyətdə olan Respublikaçılar Partiyası Potsdam bəyannaməsini imzaladıq. Bəyannamənin mahiyyəti Cənubi Qafqazda proseslərin demokratik yolla inkişafı, hər üç ölkənin gerçək demokratik inkişaf etməsi idi və bu üç ölkənin bir yerdə Avropaya inteqrasiyası imkanları qabardılırdı. Bu mövzu əsas mövzu idi. Mən əminəm ki, təbii ki, bu istiqamətdə proses getsə, Qarabağ münaqişəsinin dinc, danışıq yolu ilə həlli imkanları daha da artar. Amma, bu o qədər də sadə bir məsələ deyil, təbii ki, məsələyə fərqli yanaşmalar var və hələ proses görünür ki, davam etdirilməlidir. Məsələnin sülh yolu ilə həlli üçün hər birimiz çalışmalıyıq. 2 aprel əməliyyatını da həmçinin, Azərbaycan tərəfinin Ermənistan tərəfini sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar. Yəni biz hesab edirik ki, bu əməliyyat Ermənistan tərəfini hadisələrə daha obyektiv, daha realist yanaşmağa sövq edə bilər. Bu baxımdan bu əməliyyat hesab edirəm ki, bütün tərəflərə məsələlərə daha realist yanaşmaq üçün əlavə bir təkan ola bilər.

Amerikanın Səsi: Ermənistan və digər diplomatik tərəflər sülhün yaxınlaşmasına kömək etməsə yenidən belə əməliyyatlara ehtiyac varmı?

Azərbaycan tərəfinin məsələyə daha çox milli iradənin gücü ilə, ümümxalq birliyi ilə, prinsipial yanaşması ilə proses irəliləyə bilər.

İsa Qəmbər: Əvvəlki suala cavabımdan da gördüyünüz kimi mən, yenə də inamımı saxlayıram ki, məsələnin danışıqlar yolu ilə həll edilməsi mümkündür. Ancaq bu, ciddi şəkildə Ermənistan tərəfinin məsələyə realist yanaşılmasından, beynəlxalq birliyin məsələyə daha prinsipial və ədalətli yanaşmasından keçir. Azərbaycan tərəfinin isə məsələyə daha çox milli iradənin gücü ilə, ümümxalq birliyi ilə, prinsipial yanaşması ilə proses irəliləyə bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda da demokratikləşmə həlledici hədəflərdən biri kimi qüvvədə qalmaqdadır.

Amerikanın Səsi: Azərbaycan hökuməti islahatlar ili elan edib. Aparılacaq islahatlar, - “güclü iqtisadiyyat - güclü ordu”, devizindən çıxış etsək, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edə bilərmi?

Hesab edirəm ki, digər siyasi qüvvələrin təklifləri, paketləri kimi Milli Strateji Düşüncə Mərkəzinin hazırlayıb təqdim etdiyi yol xəritəsi də nəzərə alınsa gerçək iqtisadi-siyasi islahatlar aparmaq, ölkəmizin güclənib qarşıda duran problemləri həll etməsi mümkün olar.

İsa Qəmbər: Təbii ki, iqtisadi islahatlar aparılmalıdır. Təbii ki, azad və güclü iqtisadiyyat inkişaf etdirilməlidir. Təbii ki, güclü, azad, demokratik islahatlarla inkişaf etdirilən iqtisadiyyat dövlətin, ölkənin, xalqın bütün problemlərinin həllinə əlavə dəstək olur. Bu təbiidir. Amma, bu sözdə edilmir, bunun üçün gerçəkçi addımlar olmalıdır, işlər görülməlidir. Hakimiyyətin bu sahədəki addımları təəssüf ki, yarımçıqdır, ziddiyətlidir, bir çox hallarda kosmetik xarakter daşıyır. Bilirsiniz ki, Milli Strateji Düşüncə Mərkəzi hələ iki ay bundan öncə cəmiyyətə, ölkəyə “Böhrandan-imkana” adlanan bir yol xəritəsi təqdim edib. İki aydır yol xəritəsində irəli sürdüyümüz təkliflər istiqamətində hakimiyyət tərəfindən prinsipial mövqe bildirilmir. Yarımçıq addımlar atılır. Hətta bizim yol xəritəmizdə irəli sürülən ideyaların həyata keçirilməsinə cəhd göstərirlər, yaxud imitasiya edirlər. Ancaq, bu kifayət deyil. Məsələyə kompleks və konseptual yanaşılmalıdır. Hesab edirəm ki, digər siyasi qüvvələrin təklifləri, paketləri kimi Milli Strateji Düşüncə Mərkəzinin hazırlayıb təqdim etdiyi yol xəritəsi də nəzərə alınsa gerçək iqtisadi-siyasi islahatlar aparmaq, ölkəmizin güclənib qarşıda duran problemləri həll etməsi mümkün olar.

XS
SM
MD
LG