Accessibility links

İsa Qəmbər: Bu hakimiyyət korrupsiyadan, rüşvətdən imtina edə bilməz [Audio-müsahibə]


Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı dövlət başçısının bəyanatlarına münasibət bildirib

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransdakı çıxışında müxalifət, korrupsiya və rüşvət, iqtisadi inkişaf, Dünya Ticarət Təşkilatı ilə bağlı fikrilərinə münasibət bildirib.


Sual: Dövlət başçısı İlham Əliyev son çıxışında müxalifəti tənqid edib. Necə qiymətləndirirsiniz?

Yəni güclü adam, özünə əmin qüvvə opponentlərini təhqir etməməlidir
Cavab: Tənqid etməyib, əslinə qalsa İlham Əliyev müxalifəti təhqir edib. Siyasətdə, xüsusən dövlət vəzifəsi tutan şəxslər tərəfindən opponentlərə təhqir səsləndirilməsi zəiflik kimi qiymətləndirilməlidir. Yəni güclü adam, özünə əmin qüvvə opponentlərini təhqir etməməlidir. Tənqid edəndə də etika çərçivəsində qalmağı bacarmalıdır.

Onun müxalifətlə bağlı dediklərində kimi nəzərdə tutduğu mənə tam şəkildə aydın deyil. Amma, deyilənlərdə Müsavata aid bir fikir varsa, bunu tamamilə rədd edirəm. Müsavat Partiyası tam şəkildə qanunlar çərçivəsində, konstitusiya uyğun və şəffaf fəaliyyət göstərir. Müsavata qarşı irəli sürülən iddiaların heç birini qəbul etmirəm.

Bütövlükdə müxalifətlə bağlı, - hansı siyasi qüvvələri nəzərdə tutduğunu, nəyi nəzərdə tutduğunu açıqlasa, onda münasibət bildirə bilərik.

Ümumiyyətlə isə hesab edirəm ki, hakimiyyət özünün biabırçılığına, Azərbaycanı nə günə saldığına qiymət versə daha yaxşı olar. Ölkədə işsizlik, aşağı həyat səviyyəsi, insanların ümidsizliyi baş alıb gedir.

İntiharlar haqqında hər gün məlumatlar eşidirik. O intiharların böyük hissəsi çox aşağı həyat səviyyəsi, maddi imkansızlıq, hüquqi çıxılmazlıqdan doğan hadisələrdir.

Belə bir mərhələdə dövlət başçısı yüz milyonlarla pul xərcləyib özünə təyyarələr alır və sonra da müxalifəti ittiham edirsə, təbii ki bu inandırıcı görünməyəcək.

Sual: Əliyevin korrupsiya və rüşvətlə bağlı da çıxışı olub. Ona münasibətiniz necədir? Korrupsiya və rüşvəti Azərbaycan hökuməti aradan qaldırmağa qadirdirmi?

11 il ərzində ölkədə korrupsiyanın, rüşvətin miqyası azalmayıb, əksinə artan xətlə davam edib.
Cavab: İlham Əliyev 2003-cü ildə saxtakarlıq və zorakılıq nəticəsində hakimiyyətə gəldikdən sonra bu günədək ölkədə korrupsiyaya qarşı çox bəyanatlar, açıqlamalar verib. Amma bu 11 il ərzində ölkədə korrupsiyanın, rüşvətin miqyası azalmayıb, əksinə artan xətlə davam edib. Bu baxımdan onun korrupsiyaya qarşı mübarizə aparacağı ilə bağlı dediyi sözlər ciddi qəbul edilə bilməz.

Sual: Əliyev həmçinin ölkənin Ümumdünya Ticarət Təşkilatına lazım olanda qəbul olunacağı, investisiya mühitinin şəffaflığı, iqtisadi inkişafla bağlı da bəyanatlar verib. Münasibətiniz necədir?

Çünki bu hakimiyyətin, bu rejimin mahiyyəti korrupsiyadır, rüşvətxorluqdur.
Cavab: Deyəcəklərim bundan əvvəlki cavabıma əlavə kimi səslənə bilər. Əliyev rejiminin Ümumdünya Ticarət Təşkilatına daxil olmaqdan faktiki olaraq imtina etməsi, bunu süni yollarla uzatması, Avropa İttifaqı ilə assosiativ sazişdən faktiki olaraq imtina etməsi, bu istiqamətdə bir çox beynəlxalq səviyyəli addımlardan çəkinməsi aydın şəkildə göstərir ki, bu hakimiyyət, bu rejim korrupsiyadan, rüşvətdən imtina edə bilməz. Çünki bu hakimiyyətin, bu rejimin mahiyyəti korrupsiyadır,
rüşvətxorluqdur və bu istiqamətdə addım atması hakimiyyətin öz oturduğu budağı kəsməsi kimi bir şeydir. Məhz buna görə də hakimiyyətin korrupsiyaya qarşı mübarizə ilə bağlı bəyanatları da sözdən başqa bir şey deyildir.
XS
SM
MD
LG