Accessibility links

İsa Qəmbər: Bütöv bir xalqın təhqiri ciddi cinayət hadisəsidir [Video-Müsahibə]


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə danışır

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində İran televiziyasında azərbaycanlıların təhqirinin doğurduğu etirazlar və ictimai-siyasi nəticələrdən danışıb.

Amerikanın Səsi: İran televiziyasında bu ölkədə yaşayan azəri türklərinin təhqiri geniş etirazlarla qarşılandı? Sizin münasibətiniz necədir?

Heç bir millətin, heç bir xalqın təhqirinə yol vermək olmaz.

İsa Qəmbər: Təhqir yolverilməzdir. Xüsusən bütöv bir xalqın təhqiri ciddi bir cinayət səviyyəli hadisədir. Söhbət televiziya kimi KİV-dən gedirsə, bu ümumiyyətlə yolverilməzdir. Buna münasibət birmənalı olaraq pisdir. Heç bir millətin, heç bir xalqın təhqirinə yol vermək olmaz.

Amerikanın Səsi: Amma gəlin etiraf edək ki, İranda azərbaycanlıların geniş etirazları Azərbaycan Respublikasında nə rəsmi, nə müxalifət, nə də ictimia firkidə o qədər də geniş rezonans doğurmadı. Səbəb nədir?

Azərbaycan hakimiyyəti özünü 50 milyonluq Azərbaycan xalqının rəhbərliyi adlandırsa da, bu məsələlərdə susmağa üstünlük verir və susqunluğun əsas səbəblərindən biri də təəssüf ki, qorxudur.

İsa Qəmbər: Sözün doğrusu, mən o fikirdə deyiləm ki, geniş etiraz doğurmayıb, əks-səda verməyib. Bu hadisə Azərbaycanda ciddi müzakirə edilir, xüsusən sosial şəbəkələrdə, demokratik düşərgədə və elə yarızarafat, yarıciddi onu da deyə bilərəm ki, sosial şəbəkə iştirakçılarının yarısı bu hadisəyə münasibət bildirirlər, etirazlarını, narahatlıqlarını, narazılıqlarını bildirirlər. Digər yarısı isə sizin dediyiniz kimi heç kimin bu məsələyə diqqət yetirmədiyini yazır. Ancaq, əslinə qalsa kifsayət qədər diqqət yetirilir. Mən Müsavat Partiyasının

İsa Qəmbər

İsa Qəmbər

divanının bu məsələyə bir neçə gün əvvəlki rəsmi münasibətini xatırlayıram, digər siyasi qüvvələr, təşkilatlar, ictimai-siyasi xadimlər bu məsələ ilə bağlı mövqelərini yazırlar, bildirirlər. Yəni kifayət qədər reaksiya verilir. Hakimiyyət buna reaksiya vermir. Bunun səbəbləri təbii ki, təəssüf doğurucudur. Çünki Azərbaycan hakimiyyəti özünü 50 milyonluq Azərbaycan xalqının rəhbərliyi adlandırsa da, bu məsələlərdə susmağa üstünlük verir və susqunluğun əsas səbəblərindən biri də təəssüf ki, qorxudur. Azərbaycan hakimiyyətinin nümayəndələri yalnız öz hakimiyyəti ilə bağlı məsələlərdə mövqe ifadə edir, başqa hallarda isə hakimiyyəti qorumaq naminə İran kimi, Rusiya kimi rejimlərin qarşısında qorxu nümayiş etdirir. Bu çox mənfi bir haldır.

Amerikanın Səsi: İranda çoxsaylı Azərbaycan türkləri həbs edilib. Onların hüquqlarının ictimai müdafiəsinin təşkili ilə bağlı Azərbaycan Respublikasında hansı işlər görülməlidir?

Bu problemlər hamımızın diqqət mərkəzində olmalıdır, hamımız bu məsələyə diqqət yetirməliyik.

İsa Qəmbər: İnsan haqlarının müdafiəsi kontekstində ciddi addımlar atılmalıdır. Yəni bu, birbaşa bəyanatlar, müraciətlər, petisiyalar, imzatoplama şəklində də ola bilər. Beynəlxalq təşkilatlarla iş gücləndirilməlidir. Bildiyim qədər Bakıda İran səfiirliyinin qarşısında gənclər tərəfindən aksiyalar keçirmək cəhdi də olub. Yəni bu da etiraz formasıdır. Bütün etiraz formalarından istifadə edilərək İranda siyasi məhbusların, bu məsələ ilə bağlı həbs edilən insanların hamısının azadlığını tələb etmək lazımdır. Sadəcə Azərbaycan hakimiyyətinin siyasəti nəticəsində elə absurd bir vəziyyət yaranıb ki, istənilən ölkədən siyasi məhbusların azad edilməsini tələb edəndə haqlı cavabla rastlaşırıq ki, öz ölkənizdəki siyasi məhbusların məsələsi həll olunubdu ki, siz başqa ölkələrdə də bu məsələni qaldırırsınız. Amma, demokratiya sərhəd tanımayan, bütün dünya ölkələrinə aid olan bir dəyərdir. İnsan haqlarını hər yerdə müdafiə etməliyik, bütün dünyada müdafiə etməliyik. Biz dünyanın hər yerində hüququ pozulan insanları müdafiə etməliyik ki, dünya da Azərbaycanın problemlərinə diqaqət etsin. Azərbaycanın problemləri isə həm Azərbaycan Respublikasının problemləridir, həm də bütün dünyada yaşayan 10 milyonlarla azərbaycanlıların problemləridir. Xüsusən də İrandakı 30 milyondan yuxarı Azərbaycan türkünün problemləridir. Bu problemlər hamımızın diqqət mərkəzində olmalıdır, hamımız bu məsələyə diqqət yetirməliyik.

Amerikanın Səsi: Azərbaycan parlamentinin keçmiş sədri, Azərbaycanın aparıcı siyasi partiyalarından birinin keçmiş rəhbəri kimi İranda yaşayan azərbaycanlılara, Azərbaycan Respublikasında yaşayan insanlara sözünüz?

Çünki bu halda elə bil ki, İran rejiminin əlində rıçaqlar yaranır ki, istədiyi vaxt hərəkatı yüksəltsin, fəalları həbs etsin, hərəkata zərbə vursun, sonra isə üzr istəməklə və sairlə bu hərəkatı zəiflətsin, səngitsin. Bu belə olmamalıdır.

İsa Qəmbər: Mən bilirəm ki, İranda yaşayan milyonlarla Azərbaycan türkü mübariz, fədəkar insanlardır. Uzun illər ərizndə dəfələrlə öz haqları uğrunda mübarizəyə qalxıblar və çox önəmli fədəkarlıq nümunələrini tarixə yazıblar. İndi də onlar bu məsələlərdə kifayət qədər sahibdirlər, təcrübəlidirlər və qərar verəcək səviyyədədirlər. Mən müəyyən informasiya nəticəsində də, müəyyən təhlil nəticəsində dəbilirəm ki, İranda Azərbaycan türklərinin azadlıq hərəkatında müəyyən cəhdlər var ki, proqram şəklində, strateji şəkildə addımlar atılsın. Yəni açığı mən istəmirəm ki, İranda Azərbaycan türklərinin etirazları yalnız İran televiziyalarında, mətbuatında, İran məmurlarının dilindən səslənən təhqirlərlə bağlı olsun. Çünki bu halda elə bil ki, İran rejiminin əlində rıçaqlar yaranır ki, istədiyi vaxt hərəkatı yüksəltsin, fəalları həbs etsin, hərəkata zərbə vursun, sonra isə üzr istəməklə və sairlə bu hərəkatı zəiflətsin, səngitsin. Bu belə olmamalıdır. Təbii ki, hərəkatda belə mərhələlər olur, ancaq belə olmamalıdır. Xalq öz proqramı, öz strategiyası əsasında hərəkət etməlidir. Mən inanrıam ki, Azərbaycan türkləri də bunu edirlər və edəcəklər. Ümumi mənada götürəndə isə mən o fikirdəyəm ki, İranın gələcəyini həm İranda yaşayan milli çoxluq olan Azərbaycan türkləri, həm İranda yaşayan digər milli azlıqlar və İranın demokratik düşüncəli insanları bir yerdə müəyyən etməlidir. Yəni milli mübarizə ilə demokratik dəyərlər, azadlıqlar uğrunda mübarizənin hansısa bir şəkildə qovuşması, hansısa bir şəkildə bu mübarizəni aparan insanların, təşkilatların anlaşması zərurəti var. İstərdim ki, bizim qardaşlarımız bu məsələlərə diqqət yetirsinlər.

XS
SM
MD
LG