Accessibility links

İsa Qəmbər: Böhrandan çıxış yolu hakimiyyətin tədricən xalqa qaytarılmasıdır [Audio-müsahibə]


İsa Qəmbər
İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri Amerikanın Səsinə müsahibəsində tənqidlərə cavab verib

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri Amerikanın Səsinə müsahibəsində ona qarşı yönələn tənqidlər və böhrandan çıxış yollarından danışıb.

Isa Qəmbərin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:32 0:00

Amerikanın Səsi: Son zamanlar iqtidar partiyası və bir sıra rəsmilər sizinlə bağlı tənqidi fikirlər söyləməkdədir. Münasibətiniz necədir?

31 yanvarda Müsavat Partiyasının Novxanıdakı anım tədbiri, digər siyasi qüvvələrin də oraya gəlib tədbir keçirmələri, - bütün bunların hamısı hakimiyyəti narahat edir.

İsa Qəmbər: Bunu hakimiyyətin narazılığının təzahürü kimi qiymətləndirirəm. Ölkədə dərin bir iqtisadi-sosial böhran var. Biz dəfələrlə proqnozlaşdırmışdıq ki, sosial gərginliyin siyasi gərginliyə keçməsi zaman məsələsidir. İndi o proses davam edir və tədricən sosial münasibətlərin gərginləşməsi siyasi arenada özünü göstərir. Hakimiyyət cəmiyyətin fəallaşmasından narahatdır, hakimiyyət demokratik düşərgənin fəallığından narahatdır. Hakimiyyət Müsavat Partiyasının toparlanmasından narahatdır. Xüsusən, Müsavat Partiyasının yanvarın əvvələrində keçirdiyi ümumrespublika müşavirəsində həm insanların çoxluğu, sayı, həm coşqu hesab edirəm ki, hakimiyyəti narahat edir. 31 yanvarda Müsavat Partiyasının Novxanıdakı anım tədbiri, digər siyasi qüvvələrin də oraya gəlib tədbir keçirmələri, - bütün bunların hamısı hakimiyyəti narahat edir. Hakimiyyət demokratik qüvvələrin, xüsusən Müsavatın cəmiyyətlə birləşməsindən narahat olub. Eyni zamanda, Milli Strateji Düşüncə Mərkəzində də keçirilən tədbirlər, orada böhranın mahiyyəti, böhranın beynəlxalq və daxili səbəbləri və sairə barədə dərin təhlillər, çıxışlar görünür hədəfə dəyib, hakimiyyəti narahat edib. Görünür 31 yanvarda Novxanıda bizim çıxışlardakı bəzi məqamlar hakimiyyətin dözüm limitini keçməyə məcbur edib. Hakimiyyət buna öz səviyyəsində cavab verib. Biz demokratik düşərgə olaraq, Müsavat olaraq hakimiyyəti cəmiyyətlə münasibətləri yaxşılaşdırmağa, dinc islahatlara, mövzuların müzakirəsinə çağırırıq. Ancaq onlar müzakirələrə hazır deyillər. Onların dialoq, müzakirə səviyyəsi də dünən Müsavatın qarşısında keçirilən piket səviyyəsindədir. Bu səviyyədə də hakimiyyətin mahiyyəti, mövqeyi və istəkləri təzahür edir. Biz bunu hakimiyyətin cəmiyyətlə demokratik düşərgə və Müsavat qarşısında geri çəkilməsi kimi qiymətləndiririk. Aydın məsələdir ki, hakimiyyətin bu cür ucuz oyunları bizim mövqeyimizə heç bir şəkildə təsir edə bilməz.

Amerikanın Səsi: Proqnozlarınız necədir? Yaxın müddətdə hansı hadisələr gözlənilə bilər?

Problemlər həll olunmursa cəmiyyətdə fəallığın artması, demokratik düşərgənin toparlanması və Müsavatın da cəmiyyətlə bütövləşməsi xəttinin dərinləşməsi qaçılmazdır. Siyasi gərginlik olacaq.

İsa Qəmbər: İki versiya var. Bir versiya sıfıra yaxındır. Sıfıra yaxın versiya odur ki, hakimiyyət nəhayət ölkəni nə cür bir uçuruma apardığını, o uçuruma özünün də getdiyini dərk edib, hansısa tövsiyələri nəzərə alaraq addımlar atacaq. Amma dedyim kimi bunun ehtimalı sıfıra yaxındır. İkinci versiya isə çox təəssüf ki, sosial gərginliyin artması, siyasi müstəvidə özünü daha çox göstərməsi, ölkədə siyasi durumun ağırlaşmasıdır. Çünki, bu cür ağır böhran şəraitində cəmiyyətin, vətəndaşın problemləri həll olunmursa yüzlərlə rəqəmləri, faktları müqayisə etmək vəziyyəti yaxşılaşdırmır. Faktlar göz qabağındadır. Problemlər həll olunmursa cəmiyyətdə fəallığın artması, demokratik düşərgənin toparlanması və Müsavatın da cəmiyyətlə bütövləşməsi xəttinin dərinləşməsi qaçılmazdır. Siyasi gərginlik olacaq. Əminəm ki, siyasi gərginlik də xalqın, millətin iradəsinin reallaşması ilə yekunlaşacaq.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Həmin yol xəritəsində biz bütövlükdə cəmiyyəti də, hər bir vətəndaşı da, o cümlədən hakimiyyətin özünü də bu böhrandan xilas etməyin yollarını göstərmişik. Hakimiyyətin böhrandan çıxış yolu hakimiyyəti tədricən xalqa qaytarmasıdır.

İsa Qəmbər: Müsavat Partiyasının böhrandan çıxış ilə bağlı təklifləri olub. Milli Strateji Düşüncə Mərkəzinin böhrandan çıxışla bağlı yol xəritəsi olub.

Həmin yol xəritəsində biz bütövlükdə cəmiyyəti də, hər bir vətəndaşı da, o cümlədən hakimiyyətin özünü də bu böhrandan xilas etməyin yollarını göstərmişik. Hakimiyyətin böhrandan çıxış yolu hakimiyyəti tədricən xalqa qaytarmasıdır. Biz də bu yolları göstərmişik. Hesab edirik ki, bu ehtimal sıfıra yaxın olsa da, haklimiyyət bu barədə düşünməlidir. Əgər hakimiyyətin bunu başa düşəcəyi, edəcəyi ehtimalı sıfıra yaxındırsa, o zaman biz də yolumuza davam edəcəyik. Dediyim kimi, demokratik düşərgənin, Müsavatın xalqla bütövləşməsi xətti davam edəcək. Bu da öz məntiqi nəticələrinə gətirib çıxaracaq.

Qeyd: Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər yanvarın 31-də Azərbaycan Demokratik Cümhuriyyətiinin qurucularından Məhəmməd Əmin Rəsulzadənın anadan olmasının 133-cü ildönümü ilə bağlı anım mərasimində Azərbaycan iqtidarını, keçmiş prezident Heydər Əliyevə heykəllər qoyulmasını kəskin tənqid edib. Bundan sonra Müsavat Partiasının mərkəzi qərargahı qarşısında İsa Qəmbərin əleyhinə şüarlar qaldırlmış etiraz aksiyası keçirilib, Yeni Azərbaycan Partiyasının rəhbərləri və çoxsaylı rəsmi şəxslər onu kəskin tənqid edən məqalələrlə çıxış edib, müsahibələr verib. İqtidaryönümlü mediada İsa Qəmbərin kəskin tənqidinə yönəlmiş reportajlar verilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG