Accessibility links

İsaak tropik qasırğası Meksika körfəzindədir


Nyu Orleans sakinləri şəhəri tərk edə bilər

Floridanın Ki adalarını və Mayami ərazisini yağış və küləklə vurduqdan sonra İsaak tropik qasırğası bazar ertəsi səhər Meksika körfəzinə daxil olub.

ABŞ Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, İsaakın Florida və Luiziana körfəz sahillərini vurduqdan sonra çərşənbə axşamı şiddətli qaçırğaya çevriləcəyi gözlənilir.

Qasırğa saatda 100 km sürətlə hərəkət edir. Haiti və Kubanı təsirinə məruz qoyan qasırğa Floridanın cənubunu yumaqla körfəz sahili boyunca şimala doğru hərəkət edir.

Birləşmiş Ştatlar hidrometeroloqları ehtimal edir ki, saatda 22 km sürətlə şimal-qərbə iqtiqamət alan İsaak Florida və Luiziana arasındakı sahillərə vuracaq.

Alabama, Florida, Luiziana və Misisipidə İsaakın daşqınlarina səbəb olacağını gözlədikləri üçün fövqəladə vəziyyət elan ediblər.

Nyu Orleans şəhərinin meri Miç Landriu öz şəhərlərində fövqəladə vəziyyət elan edərək, sakinlərə hazır olmalarını bildirib. O həmçinin evakuasiya haqqında qərar qəbul olunacağı təqdirdə sakinlərin şəhəri tərk etməli olacağını deyib.

2005-ci ildə Katrina qasırğası Nyu Orleansı vuranda insanların çoxu şəhəri tərk etməmişdi. Katrina Nyu Orleansın əsasən körfəz sahillərini dağıdmaqla, 1800-dən çox insanın həyatına son qoymuşdu. Minlərlə insan evsiz qalmışdı. Çərşənbə günü Katrinanın yeddinci ildönümüdür.

İsaak şənbə günü şərqi Kubanı vuradan öncə hələ də 2010-cu il zəlzələsinin nəticələrini bərpa etməyə çalışan Haitidə ən az yeddi nəfərin həyatına son qoyub. Qasırğa Kubada insan təlafatına səbəb olmayıb.
XS
SM
MD
LG