Accessibility links

"İsaxan Aşurov" mükafatı vicdan məhbusuna verildi [Video]


Hilal Məmmədov “Tolişi Sədo” qəzetinin baş redaktoru, fəal hüquq müdafiəçisidir. Həbsdə olan Məmmədov məşhur “Tı kto takoy, davay, do svidanya” klipinin müəllifidir

Vəkil İsaxan Aşurov adına ilk mükafata “Tolışi Sədo” qəzetinin həbs edilmiş baş redaktoru və hüquq müdafiəçisi Hilal Məmmədov layiq görülüb.

Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən təsis edilmiş bu mükafatın təqdimetmə mərasimi martın 29-da EL hərəkatının ofisində keçirilib.

Mükafat – Femida heykəlciyi redaktorun doğmalarının iştirakı ilə onun vəkili Ramiz Məmmədova təqdim edilib.

SDİ direktoru Leyla Yunus qeyd edib ki, laureatı seçmək asan olmayıb, bir sıra vəkil və hüquq müdafiəçisinin namizədliyinə baxılıb. Lakin son seçim ən çətin vəziyyətdə olan Məmmədovun xeyrinə edilib.

Yunus deyib ki, gələcəkdə laureat nişanı insan hüquqları uğrunda cəsarətlə mübarizə aparan digər hüquqşünasların və hüquq müdafiəçilərinin də yaxasını bəzəyəcək.

Hilal Məmmədov ötən ilin iyununda dövlətə xəyanət, milli ayrı-seçkilik salmaq, qanunsuz narkotik saxlamaq ittihamları həbs edilib

Lakin beynəlxalq və yerli hüquq müdafiəçiləri əmindirlər ki, Məmmədov hüquq-müdafiə fəaliyyətinə və fəal vətəndaş mövqeyinə görə siyasi motivlə təqib edilir.
O, məşhur “Tı kto takoy, davay, do svidanya” klipinin müəllifidir.

“Ümid edirik ki, bu klipi nümayiş etdirən telekanallar onun müəllifinin mükafatlanması ilə bağlı süjet də göstərəcəklər”, deyə Yunus bildirib.
Aşurov adına mükafatın əhəmiyyətindən danışan Yunus qeyd edib ki, o, ölkəni xarici və daxili düşmənlərdən müdafiə edirdi.

L.Yunus hakimiyyətin mərasimin keçirilməsinə mane olması və bir çox beşulduzlu otellərin yer verməkdən imtina etməsi ilə bağlı təəssüfünü bildirib.
O qeyd edib ki, hazırda vətəndaş cəmiyyəti, faktiki olaraq, gizli fəaliyyət göstərir.
Politoloq Hikmət Hacızadə Aşurovun insan hüquqlarının müdafiəsi sahəsində xidmətlərini qeyd edərək, onu dahi şəxsiyyət və ziyalı adlandırıb.

Mükafat 23 iyun 2012-ci ildə Aşurovun ölümündən sonra təsis edilib. O, insan hüquqlarının və qanunçuluğun müdafiəsində fəallıq göstərən vətəndaşlara təqdim ediləcək.

İsaxan Aşurov 1984-89-cu illərdə SSRİ DİN-in baş istintaq briqadasında işləyirdi.
1992-93-cü illərdə Qazax rayon polis rəisi olub və rayonu erməni silahlı birləşmələrinin hücumlarından fəal müdafiə edib.

1994-cü ildə Surət Hüseynovun silahlı birləşmələrinin hakimiyyəti ələ keçirməsinə imkan vermədiyi üçün vəzifə səlahiyyətini aşmaq ittihamı ilə həbs edilib.

1996-cı ildən etibarən Aşurov vəkillik fəaliyyəti ilə məşğul olub, bir çox siyasi məhbusların və “vicdan məhbuslarının” hüquqlarını müdafiə edib.

22 iyun 2012-ci ildə Aşurov ABŞ xəstəxanalarından birində vəfat edib.
XS
SM
MD
LG