Accessibility links

İnsan hüquqları üzrə Birgə İşçi Qrupu Avropa Şurasını qınayır


Birgə İşçi Qrupu
Birgə İşçi Qrupu

2015-ci il oktyabrın 7-də Avropa Şurasının baş katibi Turbyorn Yaqland öz nümayəndəsinin insan hüquqları məsələləri üzrə işçi qrupunun tərkibindən geri çağırılması barədə qərarını açıqlayıb.

Bununla bağlı AZƏRTAC dövlət agentliyi birgə işçi qrupunun bəyanatını yayıb.

2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılıb. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini bəyan etmişdi. Bu səbəbdən də birgə işçi qrupa Avropa Şurası baş katibinin nümayəndəsi də daxil edilmişdi.

“Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərmişlər. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırmış, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Baxmayaraq ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilmişdir. 2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etmiş və Azərbaycan prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq vermişdir”, sənəddə qeyd edilir.

Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirlib.

“Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etmiş və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlamışlar. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilmiş, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilmişdir. Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilmiş, 1 nəfərin cəza müddəti azaldılmışdır. Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət etmişdir”, bəyanatda deyilir.

Birgə İşçi Qrupu bildirir ki, bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.

“Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir”.

Birgə İşçi Qrupu hesab edir ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.

“İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!” Sənəddə qeyd edilir.

Xatırladaq ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupunda iştirakına son qoymaq qərarını açıqlayıb.

2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib.

“Bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib.

Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır.

Bununla əlaqədar olaraq, baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib”, deyə AŞ-nin bəyanatında bildirilir.

Qeyd edək ki, hələ 2014-cü ildə Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti fəalı Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞPA rəhbəri Ann Brasserə və təşkilata üzv dövlətlərə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar qətiyyətli tədbirlər görmək çağırışı ilə müraciət etmişdi.

XS
SM
MD
LG