Accessibility links

İslam Dövlətindən qaçan amerikalı: İŞİD-ə qoşulmaq səhv qərar idi


İslam Dövləti qrupundan qaçan amerikalı Yaxın Şərqə gedərək yaraqlı qrupa qoşulmağa qərar verəndə “düzgün düşünmədiyini” etiraf edib.

Mən səhv qərar verərək bir qızla birgə Mosula getdim... Mən düzgün düşünmürdüm.

“Mən səhv qərar verərək bir qızla birgə Mosula getdim... Mən düzgün düşünmürdüm,” deyə Məhəmməd Camal Xveys ondan müsahibə alan jurnalistə deyib.

26 yaşlı Məhəmməd İraqın şimalında yerləşən Sincar şəhəri yaxınlığında kürd peşmərgə döyüşçülərinə təslim olub və bazar ertəsindən bəri də onlar tərəfindən saxlanılır.

Xveys Birləşmiş Ştatlarda doğulub və Vaşinqton ətrafında yerləşən Virciniya ştatında böyüyüb başa çatıb.

Məhəmməd Xveysin sürücülük vəsiqəsi

Məhəmməd Xveysin sürücülük vəsiqəsi

Kürdüstan 24 kanalı tərəfindən aparılan müsahibədə Xveys 16 dəqiqə boyunca ingiliscə danışıb. O, hər hansı bir döyüş və ya zorakılıqlardan bəhs etməsə də, müsahibədə onun dekabr ayında ekstremist qrupa qoşulmağa qərar vermədən öncəki həyatı barədə məlumat verilir.

Xveys universitetdə cinayət hüququ sahəsində təhsil aldığını bildirib. O, həmçinin bəzən məscidləri ziyarət etdiyini, lakin bunun onu İslam Dövlətinə qoşulmağa təşviq etmədiyini vurğulayıb.

Amerikanın Səsinə özünü Xveysin anası kimi təqdim edən qadın, ailənin Məhəmmədin “Kanadada olduğunu düşündüyünü,” lakin Türkiyəyə də getdiyini bildiyini deyib.

Birləşmiş Ştatları tərk edəndən sonra Xveys Londondan Amsterdama, daha sonra isə Türkiyəyə getdiyini və orada iraqlı bir qadınla tanış olub “onunla bir az zaman keçirdiyini” deyib.

Bacısı İŞİD döyüşçüsü ilə evli olan bu qadın özü və Xveys üçün İstanbuldan Suriyaya, Suriyadan isə İraqa avtobus və taksi ilə səfər təşkil edib. İraqda Xveyslə qadın ayrılıb.

Mənim amerika xalqına mesajım odur ki, Mosuldakı həyat çox pisdir. Mosula nəzarət edən insanlar dini təmsil etmir…mən onları yaxşı müsəlman olaraq görmürəm.

Xveys bir çox yaşayış yeri dəyişdirdiyini və bu yerlərdə daha çox xaricilərin yaşadığını deyib. Onun sözlərinə görə xaricilərin çoxu asiyalı, rus və Özbəkistan kimi qonşu ölkələrin vətəndaşları olub.”

Xveys qrupa qoşulanların İŞİD-in istinadgahı olan Mosulda bir “ibadət evində” dini dərslər keçdiyini deyir. O, dərslərdən məsul şəxslərin Rusiyadan olduğunu deyir. Onlar İslam Dövlətinə çox sayda döyüşçü göndərən Çeçenistandan da ola bilər.

“Orada bizə şəriət qanunları öyrədən bir imam var idi,” deyə Xveys bildirib və daha sonra gündəlik həyatlarının səkkiz saat ərzində ibadət edib, yemək yeyib, din barədə öyrənmək olduğunu da əlavə edib.

Xveys tam təlim proqramını bitirmədiyini və “onların ideologiyaları ilə razılaşmadığını” deyir.

Məhəmməd Xveysin üzərindən çıxan əşyalar

Məhəmməd Xveysin üzərindən çıxan əşyalar

“Mosulda yaşamaq çox çətindir, Qərb ölkələri kimi deyil. Qanunlar çox sərtdir. Məsələn, siqarət çəkmək qadağandır. Oradakı yaşayış tərzi təkcə mənim üçün deyil, oradakı hər kəs üçün çətindir... Mən orada bir ay qala bildim. Amerikaya dönmək istəyirdim,” deyə o bildirib.

Bir dostu onun İŞİD-in nəzarət etdiyi bölgəni tərk edib, kürd peşmərgə döyüşçüləri tərəfindən müdafiə olunan yerə getməsinə yardım edib.

Təslim olandan sonra Xveys kürdlərin “ona qarşı yaxşı rəftar etdiyini və özünün bu qərarından dolayı xoşbəxt olduğunu” deyib.

Videonun sonunda Xveys İslam Dövlətini pisləyir və Mosuldakı təcrübəsi ilə bağlı təəsüratlarını belə yekunlaşdırır:

“Mənim Amerika xalqına mesajım odur ki, Mosuldakı həyat çox pisdir. Mosula nəzarət edən insanlar dini təmsil etmir…mən onları yaxşı müsəlman olaraq görmürəm.”

XS
SM
MD
LG