Accessibility links

İŞİD-in gələcəyi [Video]


Paris hücumları və Rusiya sərnişin təyyarəsinin Misirdə salınması İslam Dövləti qrupunun möhkəm olduğuna işarə kimi qəbul edilsə də qrupun qüvvələri İraqda məğlub edilir

ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı İraq və Suriyada mübarizə səylərində inkişafın terrorçu qrupun çıxılmaz vəziyyətə düşdüyü ilə bağlı ehtimalların irəli sürülməsinə yol aça bilər. Lakin əks-terror sahəsində rəsmilər bunun belə olmadığını deyərək bildirir ki, terrorçu qrupun bu yaxınlarda həyata keçirdiyi hücumlar onun inkişafının bir hissəsidir.

Parisdə baş verən terror hücumlarının yarası hələ təzədir. Lakin Qərbdə matəm tez bir zamanda yeni narahatlıqlar və təhlükəsizliyin gücləndirilməsi ilə əvəz oldu.

Rəsmilər bunun yeni reallıq olduğunu deyir.​

Ceyms Vulsey: “Biz yeni başlamışıq. İŞİD problemi hələ davam edəcək. Hətta onların qərargahı, xəlifəsi tutulsa və mərkəzləri dağılsa belə.”

Əks-terror sahəsində rəsmilər inanır ki, İslam Dövləti qrupunun həyata keçirdiyi Paris hücumları və Rusiya sərnişin təyyarəsinin Misirdə salınması onların möhkəm olduğunu göstərir. Lakin yavaş da olsa qrupun qüvvələri İraqda məğlub edilir.

Stiv Varren: “Biz həmçinin onların keçid məntəqələrində nəzarətçilərinin sayının azalması kimi başqa şeylərin də şahidi olmuşuq. Bu da İŞİD ərazilərində işlərin o qədər də yaxşı getmədiyinə işarə ola bilər.”

Buna baxmayaraq, rəsmilər ABŞ-a qarşı hələlik ciddi təhdidə dair əsaslı dəlilin olmadığını desə də, Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib.

Sabiq əks-terror əməliyyatçısı Mubin Şeyx deyir ki, qorxunu İslam Dövləti qrupunun opportunist və strateji xüsusiyyəti yaradır.

Mubin Şeyx: “İŞİD-in insanlara təlim verib öz ölkələrinə geri göndərmək və orada hücumlar təşkil etmək planı olub. Bu, strateqiyanın dəyişməsi deyil. Bu sadəcə o deməkdir ki, onların dediklərini edir və edəcəklər.”

ABŞ əks-terror sahəsinin bir rəsmisinın Amerikanın Səsinə bildirdiyinə görə İslam Dövləti qrupu xilafət elan etdiyi ərazilərin möhkəmləndirilməsi kimi əsas məqsədini dəyişərək, bu yerlərdən çox uzaqlarda hücumlar həyata keçirə bilən, dünyanın ən güclü cihadçı təşkilatına çevrilmək istiqamətində hərəkət edir.

XS
SM
MD
LG