Accessibility links

İŞİD tarixi əsərlərin satışıyla məşğul olur [Video]


Ekspertlər deyir ki, İslam Dövləti qrupu İraq və Suriyada ələ keçirdikləri incəsənət əsərlərinin kütləvi şəkildə satışı ilə məşğuldurlar. Bu xəzinələrin dağıdılması və satışı ilə yanaşı, onların İslam Dövləti qrupu daxilində rəsmi səviyyədə ticarət apardığı da müşahidə edilir.

2015-ci ilin may ayında İslam Dövləti qrupunun döyüşçüləri Suriyanın Palmira tarixi şəhərini ələ keçirib. Bu şəhər YUNESKO-nun dünya irsi olmaqla yanaşı, Yunan, Roma və Fars arxeoloji əsərləri ilə tanınır.

Çoxları onların bu qədim irsi dağıdacağından qorxur.

Suriya hərbi qüvvələri keçən ay şəhəri yenidən ələ keçirəndən sonra tarixi əsərlərdən bəzilərinin dağıdıldığının şahidi olublar. İŞİD militantları şəhərdə tarixi qəbiristanlıqları talayıblar.

Ekspertlər deyir ki, ekstremist qrupun bunu törətməsində səbəb onların tarixə sərt şəkildə yanaşmalarıdır.

Daniel Server: “Onlar əsl islamı bərpa etdiklərini deyirlər. Onlar Məhəmməd peyğəmbərdən əvvəl baş vermiş tarix barədə narahat deyillər və düzgün tarixin yayılmasında da maraqlı deyillər.”

"İslam Dövləti qrupunun buradakı marağı dindən çox uzaqdır", deyə Vaşinqtonda yerləşən Qədim Əşya Koalisiyasının rəhbəri Debra Lehr bildirir.

Debra Lehr: “Onlar başa düşdülər ki, dağıtdıqları şeylərin dəyəri var. Onlar oraları taladılar və bunları sataraq öz məqsədləri üçün pul yığmağa başladılar.”

Lehr deyir ki, İŞİD həmçinin tarixi əsərlərin dağıdılmasının qlobal propaqanda olduğunu da anlayır. Onlar İraqdakı Mosul muzeyini göstərərək dünya boyu qəzetlərdə ön səhifələrə çıxmağı bacarırlar.

Debra Lehr: “Mosul muzeyi hücum altındadır və YouTube-da yayımlanan videolar hər hansı bir hadisədən daha çox diqqət toplayıb”.

Bunun həmçinin maddi tərəfi də var. İŞİD tarixi əsərlərlə bağlı nazirlik yaradaraq xəzinələrin talanması və satılmasını qanuniləşdirib.

Debra Lehr: “Onlar insanları xəzinə axtarıb tapmağa həvəsləndirirlər. Üzücü olan odur ki, bu insanların çoxu arxeoloji qazıntılar aparmaq üçün təlim keçməyib. Beləliklə biz nəinki həmin xəzinələri itiririk, həmçinin tapılan əsərlərin konteksti də itirilmiş olur.”

Beynəlxalq qanunlara əsasən incəsənət əsərlərinin dağıdılması müharibə cinayətidir. Rəsmilər ümid edir ki, bir gün İŞİD üzvləri törətdikləri cinayətə görə cavab verəcəklər.

XS
SM
MD
LG