Accessibility links

İŞİD-ə qoşulmaqda ittiham olunan 7 azərbaycanlıya hökm oxunub


İŞİD
İŞİD

“İraq-Şam İslam Dövləti” (İŞİD) və başqa qruplaşmalara qoşulmaqda, onların tərkibində döyüşlərdə iştirakda suçlanan daha 7 azərbaycanlının mühakiməsi başa çatıb.

AzadlıqRadiosunun məlumatına görə, noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu şəxslərə hökm oxunub. Hökmə əsasən, onlara ümumilikdə 74 il 6 ay cəza verilib – təqsirləndirilən şəxslərdən Elbrus Əzizov və İlahi Əzizovun hər biri 14 il, Babək Şirinov 13 il 6 ay, Rasim Bədəlov 12 il, Namiq Quliyev 11 il 6 ay, Elman Mirzəbəyov 7 il, Əfqan Şamxalov isə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Adları çəkilən təqsirləndirilənləri 2015-ci ildə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Dövlət Təhlükəsizliyi Xidməti) əməkdaşları həbs eləyib. Onlar 2013-2015-ci illər ərzində Suriya və İraq ərazisində müxtəlif silahlı birləşmələrə qoşulmaqda, o cümlədən İŞİD, “Cəbhətül-Nüsra” və “Cundu Şam” kimi qruplaşmaların fəaliyyətində iştirakda suçlanırlar. Elman Mirzəbəyov isə onları sərhəddən qanunsuz keçirməkdə günahlandırılır.

İFADƏNİ İSTİNTAQ ALTINDA VERDİKLƏRİNİ DEYİRLƏR

Amma təqsirləndirilənlər ittihamı rədd edirlər. Məhkəmədə də bildiriblər ki, ittihamda yazılanlar yalandır, heç bir qruplaşmanın tərkibində döyüşməyiblər, təlimlərə qatılmayıblar. Cinayət işinin materiallarındakı ifadələrinə gəlincə, bunu istintaq zamanı təzyiqə məruz qalmaları ilə izah ediblər.

Bu işdə şahid kimi adı keçənlərin bir qismi də daha öncə eyni ittihamla mühakimə olunmuş və hazırda da cəza çəkən şəxslər idi. Onlardan Kamran Əzizov, Malik Musayev şahid kimi ifadə vermək üçün bu iş üzrə məhkəməyə gətirilsələr də, danışmaqdan imtina etdilər. Hakim onlara şahid kimi ifadə verməyə borclu olduqları, əks halda, barələrində ifadə verməkdən imtinaya görə cinayət işi başlana biləcəyi haqda xəbərdarlıq elədi, amma onlar fikirlərindən dönmədilər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir müddət əvvəl Kamran Əzizov 14 il 6 ay, Malik Musayev isə 13 il 6 ay həbs cəzası alıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG