Accessibility links

MTN İŞİD və digər dini radikal silahlı qrupların tərkibində döyüşən 26 nəfəri saxlayıb


 İŞİD
İŞİD

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı saxlanıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə faktla bağlı nazirliyin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 12.1-ci (Azərbaycan ərazisindən kənarda törədilən cinayətlərə görə məsuliyyırı cəlb edilmək), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib.

Belə ki, Firdovsi Yusifov Pakistan ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İrana gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmiri” təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqustunadək fəaliyyət göstərib.

Həmçinin müəyyən edilib ki, Taleh Soltanov da Pakistan ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçib və “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Seyfullah” adlı digər silahlı dəstədə 2013-cü ilin avqustunadək iştirak edib. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürüb və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərib.

Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriyanın ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqustunda Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycana təhvil veriliblər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçirilib. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalır.

Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriyanın ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriyanın və İraqın ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2014-cü ilin mayında Türkiyəyə, buradan isə “Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriyaya gedib. Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan respublikalarının qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” – “İŞİD” adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra Elşən Qurbanlı və digərləri “İŞİD” adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqustunda İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olub, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıdıb.

MTN bildirir ki, cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG