Accessibility links

Türkiyə İŞİD-ə qarşı əməliyyatlara başlayıb [Təhlil]


Türkiyə təhlükəsizlik qüvvələri iyul ayında İslam Dövləti qrupunun tərəfdarlarına qarşı indiyə qədər görünməmiş əməliyyatlar keçirib. Keçən həftə fərqli şəhərlərdə təxminən 21 şəxs saxlanılıb. Təhlükəsizlik qüvvələri böyük miqdarda hərbi sursatın və hərbi forma ələ keçirildiyini bildirib. Yerli media bu ay bir çox şəxsin Türkiyədən Suriyaya keçməyə cəhd göstərən potensial cihadçıların həbs edildiyi haqda məlumat verib.

Cumhuriyyət qəzetinin köşə yazarı Semih İdiz deyir ki, reydlər Ankaranın İslam Dövləti qrupuna qarşı mövqeyinin dəyişdiyini göstərir.

Semih İdiz: "Bu haqda çox söhbət olub. Onlar ehtiyatlı davranırdılar. Ona görə yox ki, onlar ölkədə terror hadisələri ilə təhdid edilirdi. Çünki onlar ilkin olaraq düşünürdülər ki, qrup Əsəd rejimini devirməyə kömək edəcək və daha sonra qrupa nəzarəti ələ alacaqlar. Fikrimcə, Ankara tədricən mövqeyini dəyişir."

Ankara İslam Dövləti qrupuna qarşı mübarizə ilə bağlı Qərb müttəfiqlərinin təziqlərinə məruz qalmışdı. İraq və Suriya ilə həmsərhəd olan Türkiyə tənqidçilər tərəfindən militantların keçid yolu kimi qələmə verilirdi. Kadir Has Universitetində beynəlxalq məsələlər üzrə ekspert Soli Özel bildirir ki,İslam Dövləti qrupuna qarşı əməliyyatlar beynəlxalq təziqin nəticəsidir.

Türkiyə çox narahatdır, bu, bəlkə də Suriyada gedən təriqətlərarası müharibədə özünü tərəf kimi göstərmək üçün gecdir. Türkiyə öz adını tez zamanda təmizə çıxarmağa çalışır. Türkiyənin İŞİD-ə qarşı münasibəti son iki-üç həftədə çox dəyişib.
Soli Özel

Soli Özel: "Türkiyə çox narahatdır, bu, bəlkə də Suriyada gedən təriqətlərarası müharibədə özünü tərəf kimi göstərmək üçün gecdir. Türkiyə öz adını tez zamanda təmizə çıxarmağa çalışır. Türkiyənin İŞİD-ə qarşı münasibəti son iki-üç həftədə çox dəyişib."

İslam Dövləti qrupuna qarşı əməliyyatlar Ədalət və İnkişaf partiyasının parlament seçkilərində çoxluğu itirməsindən sonraya təsadüf edir. Partiya daxilində xarici siyasi kursun yenidən nəzərdən keçirilməsi çağırışları daha çox səslənir. Keçən həftə sabiq prezident Abdullah Gül partiyasının xarici siyasətini kəskin şəkildə tənqid edərək, bu siyasi kursun Türkiyənin təcrid olunmasına gətirib çıxardığını deyib.

Köşə yazarı Semih İdiz deyir ki, Ankaranın İŞİD-ə qarşı siyasətinin dəyişməsinin əsas amillərindən biri də praqmatik yanaşma tərzi ilə əlaqədardır.

Semih İdiz: "Xüsusən də beynəlxalq axın İŞİD-ə qarşı hərəkət edəndə siz də bu istiqamətdə doğru yolda olmaq istəyirsiniz. Yəqin ki, xarici siyasətdə baş verənlər yaranan yeni şərait nəticələri və ölkədə baş verən hadisələrlə əlaqədardır."

Ekspertlər xəbərdarlıq edir ki, İŞİD-in üzvləri arasında çox sayda türk də var və ekstremist qrupun qisas ala bilməsi təhlükəsi real olaraq qalır. Türkiyə təhlükəsizlik qüvvələrinin hazır vəziyyətdə olacağı gözlənilir.

XS
SM
MD
LG