Accessibility links

İsmayıl Cəmili: İranda Pəhləvi rejimini yıxan əsas güc türklərin gücü idi [Audio-Müsahibə]


İsmayıl Cəmili

İsmayıl Cəmili

1979 İran İslam İnqilabından öncə Amerikada ali təhsillə məşğul olan İsmayıl Cəmili Pəhləvi rejiminin çökməsindən az müddət sonra İrandakı siyasi durumun yaxşılaşması və azadlıqların artacağı ümidi ilə Təbrizə geri dönmüşdü. Onun sözlərinə görə İran Azərbaycanındakı etirazlar və ümumiyyətlə türklərin siyasi gücü olmadan 1979-cu ildə İranda rejim dəyişikliyi baş verməzdi. Həmin vaxtlar Təbriz Radiosunda çalışmış güneyli şair Amerikanın Səsi ilə söhbətdə Ayətullah Ruhulla Xomeyninin qurduğu hakimiyyətə qarşı ilk müxalif səslərin də elə şah rejiminin çökməsində başlıca rol oynayan Azərbaycandan çıxdığını deyir.

“Mən o zaman Amerikada dərs oxuyurdum. Amerikada oxuyanların bir çoxu təhsili bitirib ya yarım buraxıb qayıtdılar ki, İranda şərait yaxşılaşır, biz daha qurbətdə qalmayaq, qayıdaq vətəndə bir işlər görək. İnqilab ki oldu hava limanları bağlıydı. Açılanda mən İrana döndüm və İsfənd ayında İrandaydım...,” deyə İsmayıl Cəmili İslam İnqilabından təqribən bir ay sonra siyasi durumun dəyişəcəyi ümidi ilə ölkəyə geri döndüyünü söyləyir.

Türk bölgələri Şəriətmədarini dəstəkləyirdi. Halbuki, İranda digər siyasi təşkilatların hamısı Xomeynini müdafiə edirdi.

Əhali və Pəhləvi rejiminə qarşı fəaliyyət edən aydınlar şahın getməsi ilə basqı və diktatorluğun da bitməsini ümid edirdilər:

“O zaman nə ümumi əhali nə də rejimin əleyhinə olan hərəkata qatılmış aydınların çoxu şah getdikdən sonra nə olacağını bilmirdi. Onlar ancaq şah dövründəki basqı və diktatorluğu bilirdilər, - ki əlbəttə sonrakı rejimlə qiyas etməli deyil, şah dövündə bir qayda qanun var idi, indiki kimi deyildi - İstəyirdilər şərait yaxşılaşsın, xüsusilə siyasi vəziyyət dəyişsin... daha çox azadlıq olsun, daha çox rifah və siyasi fəaliyyətlər və partiyalar üçün modern bir toplum olsun. Amma, əksinə gördük ki, toplum geri getdi, o rejimin yerinə başqa bir geriçi hökümət gəldi ki, heç nəyə tabe deyil, heç bir qayda üstündə deyil. Gələndən də böhran yaradır və böhranla yaşayır.”

Daha sonra təkrar ölkəni tərk edən İsmayıl Cəmilinin söylədiyinə görə, Pəhləvi rejiminin dəyişməsini istəyən əsas qüvvələr İslam Respublikasının təşəkkül tapmasından az sonra yeni rejimlə də ziddiyyətli olduqlarını görməyə başladılar.

Türklər Xomeynini rədd edir (Spokane Daily Chronicle - 10 Dekabr 1979)

Türklər Xomeynini rədd edir (Spokane Daily Chronicle - 10 Dekabr 1979)

“O dövrdə fəal olan qüvvələrin yüzə doxsanı, yəni şah rejiminin dəyişməsini istəyən qüvvələr elə ilk başdan yeni hökümətlə də ziddiyətlər görməyə başladılar. Ancaq siyasi təşkilatlar, xüsusilə sol partiyalar, Tudə partiyası və Fədailərin anti-imperialist təmayülləri daha güclü idi. Onlar bunun üstündə durdular ki, bu inqilabçı xırda burjuaziya hər halda imperializmin əleyhinədir və bunu müdafiə etməliyik,” deyə Cəmili İslam İnqilabının daha çox sol qüvvələr tərəfindən dəstəkləndiyini önə çəkir.

Cəmilinin dediklərinə əsasən, yeni hakimiyyətə qarşı ilk hərəkat İran Azərbaycanında və Ayətullah Xomeyninin əsas müxalifi Böyük Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarini himayə edən türklər tərəfindən həyata keçirildi.

Mən o zaman Amerikada dərs oxuyurdum. Amerikada oxuyanların bir çoxu təhsili bitirib ya yarım buraxıb qayıtdılar ki, İranda şərait yaxşılaşır, biz daha qurbətdə qalmayaq, qayıdaq vətəndə bir işlər görək.

1979-cu il inqilabından sonra Şəriətmədarinin tərəfdarları tərəfindən qurulan Müsəlman Xalq Respublikası Partiyası İran Azərbaycanında aparıcı siyasi qüvvə olub. İsmayıl Cəmilinin anlatdıqlarına görə, müsəlman xalq hərəkatının hakimiyyət tərəfindən basdırılması ilə türklər də yeni hakimiyyətdən uzaqlaşmağa başlayıblar:

“Türklər olmasaydı Pəhləvi rejimi çökməzdi. İranda şahı çevirməyə əsas güc türkün gücü idi... [İnqilabdan sonra] müsəlman xalq hərəkatı və Şəriətmədari türkləri təmsil edirdi, yəni türk bölgələri Şəriətmədarini dəstəkləyirdi. Halbuki, İranda digər siyasi təşkilatların hamısı Xomeynini müdafiə edirdi. Şəriətmədari hərəkatında mən özüm var idim... O, dövrdə Azərbaycan üç günə qədər müstəqil bir varlıq kimi öz ayağı üstündə durdu. Təbrizdə Xomeyninin bir tək şəkili yox idi, hər yanda Şəriətmədarinin şəkilləri idi...”

Güneyli fəal həmçinin hazırkı siyasi durumu dəyərləndirərək artıq İran Azərbaycanında əhalinin ümum-İran məsələlərinə deyil, öz milli tələblərinə diqqət cəmləşdirdiyini deyir.

XS
SM
MD
LG