Accessibility links

Bir il bundan əvvəl İsraillə Həmas yaraqlıları arasında 8 gün davam edən raket və bomba hücumları 180 nəfərə qədər insanın ölümünə, min nəfərin yaralanmasına səbəb oldu. Təhlilçilərin dediyinə görə, baş verənlərdən sonra hər iki tərəfin təhlükəsizlik tədbirlərini gücləndirməyə davam etməsinə baxmayaraq, Qəzzada son 10 ildə belə sakitlik müşahidə olunmamışdı.

Keçən il İsrailin “Müdafiə sütunu əməliyyatı” adlandırılan hava hücumlarından sonra dağıntılar təmizlənib. Vaxtilə Fələstin administrasiyasına məxsus olan böyük bina hazırda Həmas qruplaşmasının əlinə keçdi. İsrail rəsmiləri bu binada döyüşçülərin olduğunu dedi.

İsrail 8 gün ərzində hərbi təyyarələr və artileriya hücumları zamanı Qəzzada 1500 hədəfi nişan almışdı. Bu hücumlar zamanı çoxu mülki vətəndaşlar olmaqla 170 nəfər ölmüş, 800-dən çox insan yaralanmışdı. Eyni zamanda, Həmas yaraqlıları da ilk dəfə olaraq Qüds və Tel-Əviv şəhərlərinin ətrafları daxil edilməklə, İsrail ərazilərinə 1500 raket atmışdı. Hücumlar zamanı 6 israilli ölmüş, 200 nəfər yaralanmışdır. Həmasın atdığı raketlərdən birinin İsrail cənubunda Kiryat Malaçidə yaşayış binasına dəyməsi 3 israillinin ölməsinə səbəb olmuşdu.

İsrail rəsmiləri fələstinlilərin 10 ildən artıq bir müddət ərzində ikinci intifadasından bəri son bir ilin çox sakit keçdiyini deyirlər.

Həmas lideri İsmayıl Haniyə münaqişə zamanı uğursuzluqlara baxmayaraq, Həmasın öz məqsədindən dönmədiyini deyir. “Həm açıq, həm də gizli şəkildə Fələstinin azad edilməsi uğrunda mübarizəyə hazır olan minlərlə qəhrəmanımız var.”

Təhlilçi Talal Okal qəzzalıların atəşkəsin müvəqqəti olduğunu düşündüklərini deyir.
“Qəzzada hamı israillilərin yeni bir müharibəyə başlaya biləcəyini düşünür. Bu, yalnız zaman və qərar məsələsidir.”

İsrailin Strateji Əlaqələr Nazirliyinin rəhbəri, general Yosi Kupervasser bu yaxınlarda yeni bir münaqişənin baş verəcəyini gözləməsə də, Həmasın təhlükə olaraq qaldığını deyir. “Bu terrorçu təşkilat terror yolu ilə hələ də İsraili məhv etmək istəyir. Buna görə də biz Qəzzada hər gün nələr baş verdiyinə nəzarət etməliyik.”

İsrail rəsmiləri Həmasın Qəzzanın özündə raket istehsal etmək qabiliyyəti və bu raketlərin həcmi və ölçüsünün artmasından narahatlıqlarını bildirir.
XS
SM
MD
LG