Accessibility links

Həmas 24 saatlıq atəşkəsi qəbul edib


Həmas yerli vaxtla saat 14:00-da qüvvəyə minəcək 24 saatlıq atəşkəsi qəbul edib.

Həmas bu haqda açıqlamanı İsrailin raket hücumlarına cavab olaraq Qəzzaya reydlərini bərpa etməsindən sonra verib.

İsrail ordusunun bildirdiyinə görə, Həmasın humanitar yardımlar üçün nəzərdə tutulan bölgədə fasiləsiz raket hücumları İsraili hava, quru və dənizdən hərbi əməliyyatlarını bərpa etməyə vadar edib.

Fələstinlilər hücumlar nəticəsində 3 adamın həlak olduğunu bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsi zamanı Həmasın öz atəşkəs təklifinə riayət etmədiyini bildirib.

Fələstin tərəfinin verdiyi ağır itkilərə gəlincə isə Netanyahu 20 günlük münaqişə səbəbi ilə dünyanın İsrailə qarşı çıxdığını, lakin İsrailin öz xalqını qoruması üçün hər bir ölçüyə əl atmasının vacibliyini deyib.

7 ölkənin xarici işlər nazirləri atəşkəs müddətinin uzadılmasına çağırıb. ABŞ dövlət katibi Con Kerri və Fransa, Britaniya, Almaniya, İtaliya, Türkiyə və Qətərin xarici işlər nazirləri Parisdə Yaxın Şərq sülh böhranını müzakirə edib.

Görüşdən sonra müxbirlərin suallarını cavablandıran Fransanın xarici işlər naziri Loren Fabye deyib ki, nazirlər İsrailin təhlükəsizliyi və fələstinlilərin iqtisadi inkişafının zədələnməsi tələbi əsasında atəşkəsə çağırıb.

İsrailin Həmasın raket hücumlarına cavab əməliyyatları 3-cü həftədir davam etdirilir.

Qəzzanın səhiyyə rəsmiləri xilas komandalarının daha 40 cəsədi dağıntılar altında aşkar etdiklərini bildirib.

ABŞ dövlət katibi atəşkəsi müsəlmanların müqəddəs Ramazan bayramına ehtiram adlandırıb. Con Kerri deyib ki, atəşkəs tərəflərə faciəvi zorakılıqların arxasında duran məsələlərə diqqət yetirməsinə imkan yaradacaq.

O, bu gün Parisdə daimi atəşkəs əldə edilməsi səylərini davam etdirir.

İsrailin iki həftədir davam etdirdiyi əməliyyatları nəticəsində 1050-dən çox fələstinli həlak olub. Ölənlərin əksəriyyəti mülki vətəndaşlar və uşaqlardır. İsrail tərəfi isə 43 əsgəri və 2 mülki vətəndaşının həlak olduğunu bildirir.

XS
SM
MD
LG