Accessibility links

İsrail hökuməti İran və Qərb arasında mümkün yaxınlaşmaya skeptik münasibət göstərir


İsrail hökuməti BMT-nin Baş Assambleyasının illik sessiyasında iştirak edən İranın yeni prezidentinin mətbuata müsahibələrindən sonra İran və Qərb arasında mümkün yaxınlaşmaya skeptik münasibət bildirib. İyun ayında prezident seçkilərinin qalibi olmuş Həsən Ruhani Qərb tərəfindən mötədil siyasətçi kimi tanınır.

İsrailin Baş naziri Benyamin Netanyahu Qərbin İranın siyasi kursun yumşalmasına dair siqnallarına aldanmamalı olduğuna dair xəbərdarlıq edib: “İsrail İranı nüvə silahları istehsal etmək qabiliyyətindən həqitətən məhrum etməyə yönəlmiş hər hansı bir diplomatik həll yolunu alqışlayardı. Lakin biz İranın nüvə silahları istehsalına davamlı çalışmasını pərdələyən yarımçıq tədbirlərə aldanmayacağıq və dünya da aldanmamalıdır."

İsrail Qərbin BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edən İranın yeni prezidenti Həsən Ruhani ilə bağlı nümayiş etdirdiyi nikbinliyi ilə bağlı dərin narahatlıq keçirir. Bu narazılığı nümayiş etdirmək üçün cənab Netanyahu İsrailin BMT-dəki nümayəndə heyətinə Həsən Ruhaninin Baş Assambleyada çıxışı zamanı zalı tərk etmək haqda göstəriş verib.

İsaril İranın nüvə proqramını yəhudi dövlətinin mövcudluğuna hədə hesab edir. Lakin prezident Həsən Ruhani İranın nüvə proqramının dinc məqsədələrə xidmət etdiyini bəyan edib:” İranın müdafiə doktrinasında nüvə silahlarına yer yoxdur, bu, dini və əxlaqi əqdiəyə ziddir.”

İsrailin Baş naziri Benyamin Netanyahu bunu riyakarlıq kimi qiymətləndirib:”İran hesab edir ki, bu cür sakitləşdirici sözlər və simvolik hərəkətlərlə bomba hazırlamaq yolunda işi davam etdirə bilər. Şimali Koreya kimi İran da kosmetik güzəştlər təklif etməklə sanksiyaların ləğvinə nail olub, tez zamanda nüvə silahları istehsal etmək üçün öz qabiliyyətini saxlamağa çalışacaq.”

ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı İranın nüvə proqramı ilə bağlı diplomatik həll yoluna nail olmaq üçün Dövlət katibi Con Kerrini danışıqlara göndərəcəyini bildirib. Cənab Obama diplomatik həll yolunun sınaqdan keçirilməli olduğuna inandığını deyib.

İsrail beynəlxalq ictimaiyyəti İran iqtisadiyyatını zəiflədən sanksiyaları saxlamağa çağıraraq, İranın müzakirələrdən nüvə qabiliyyətini artırmaq məqsədilə vaxt qazanmaq üçün istifadə etdiyini bildirib. İsrail liderləri xəbərdarlıq edib ki, diplomatiya üçün vaxt artıq tükənir və problemin diplomatik yolla həlli baş tutmasa, İsrail İranın nüvə obyektlərinə qarşı özü hücum keçirə bilər.

BMT-nin Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrin xarici işlər nazirləri, o cümlədən, ABŞ Dövlət katibi Con Kerri İranın nüvə proqramını müzakirə etmək üçün iranlı həmkarları ilə görüşəcək.

İran gələn həftə ABŞ prezidenti Barak Obama və İsrailin Baş naziri Bencamin Netanyahu arasında görüş zamanı diqqət mərkəzində olacaq.
XS
SM
MD
LG