Accessibility links

İran və dünyanın altı qüdrətli dövləti arasında Tehranın mübahisəli nüvə proqramını dayandırıması ilə bağlı danışıqlar bazar günü Cenevrədə razılıq əldə edilmədən başa çatıb. Qərb liderləri razılığın əldə edilməsi üçün fikir ayrılıqlarının azaldılmasına çalışdıqlarını bildirir. Tərəflər müzakirələri noyabrın 20-də davam etdirəcək.

İranın nüvə proqramının region üçün ən böyük təhlükə olduğunu bildərən İsrail Cenevrə danışıqlarını diqqətlə izləyərək, İranla əlverişli görünməyən razılığın əldə edilməməli olduğu ilə bağlı xəbardarlıq edib.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Qərb İranın nüvə silahları istehsal etmək qabiliyyətini dəyişməyən hər hansı bir razılığa getməməlidir.

O, kabinet üzvlərinə İranın sentrifuqalarının heç birinin sıradan çıxarılmasını nəzərdə tutmayan razılığın təhlükəli olduğunu deyib. Cənab Netanyahu həftə sonu ABŞ prezidenti Barak Obama, eləcə də Britaniya, Fransa, Rusiya və Almaniyanın liderləri ilə telefon söhbəti apardığını bildirib.

İsrail baş nazirinin sözlərinə görə, o, dünya liderlərinə deyib ki, İranın uran zənginləşdirilməsi proqramının toxunulmaz qaldığı halda, sanksiyaların yüngülləşdirilməsi təkcə İsrail deyil, bütün dünya üçün təhlükə yaradır.

İran nüvə proqramının dinc xarakter daşıdığını bildirir, lakin İsrail islam respublikasının yəhudi dövlətinin mövcudluğu üçün təhlükə yaradacaq nüvə silahları istehsal etdiyini bəyan edir. İsrail məsələnin diplomatik yolla həll edilmədiyi halda, İranın nüvə obyektlərinə özünün hücum edə biləcəyi ilə bağlı xəbərdarlığını bir daha təkrar edib.

Cənab Netanyahu deyib ki, Qərb qüdrətləri İranla anlaşma yaradılması əzmindədir, lakin bu razılıq nəyin bahasına olursa olsun əldə edilməməlidir.

İsrailin baş nazirinin sözlərinə görə, beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyaları qüvvədə saxlamalıdır və razılaşmanı daha əlverişli şərtlər əsasında əldə etməlidir.
XS
SM
MD
LG