Accessibility links

Azərbaycan xarici işlər naziri İsrail və Fələstin rəhbərləri ilə danışıq aparacaq


Azərbaycan və İsrail bayrağı

Azərbaycan və İsrail bayrağı

Nazir Məmmədyarov ikitərəfli əlaqələrin möhkəmləndirilməsini, İran və Türkiyə mövzusunu müzakirə edəcək. O Fələstin Muxtariyyətinin rəhbərliyi ilə də görüşəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də ilk dəfə olaraq İsrailə dörd günlük rəsmi səfərə gedəcək. O, İsrail rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi deyil, həm də İran və Türkiyə mövzusu müzakirə ediləcək.

IzRus saytının məlumatına görə, E.Məmmədyarovun ilk görüşü keçmiş xarici işlər naziri, hazırda parlamentin xarici siyasət və müdafiə komissiyasının rəhbəri Aviqdor Libermanla olacaq.

Bu görüşdən sonra nazir Məmmədyarov Fələstin Muxtariyyətinin rəhbərliyi ilə görüşmək üçün Ramallaya gedəcək.

Aprelin 22-də Azərbaycan xarici işlər naziri İsrail prezidenti Şimon Peres, xarici işlər nazirinin müavini Zeev Elkinlə görüşəcək və “Yad Vaşem” xatirə kompleksini ziyarət edəcək.

Həmin gün axşam Tel-Əvivdə tanınmış İsrail və yəhudi biznesmen-mesenantlarla görüşəcək.

Aprelin 23-də Azərbaycan XİN rəhbəri baş nazir Binyamin Netanyahu ilə görüşəcək və Knessetdə olacaq. E.Məmmədyarovun müdafiə naziri Moşe Yaalon ilə görüşəcəyi də ehtimal olunur.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildiri ki, aprelin 21-dən 23dək nazir Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Yaxın Şərq regionuna səfər edəcək. Səfər çərçivəsində Fələstin və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan tərəfi Fələstin və İsrail ilə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparılacaq, həmçinin, ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olacaqdır.
XS
SM
MD
LG