Accessibility links

İsraillilər Ariyel Şaronla vidalaşır



İsraillilər uzun sürən xəstəlikdən sonra şənbə günü dünyasını dəyişmiş keçmiş baş nazir və hərbi komandir Ariyel Şaronla vidalaşır. Cənab Şaron bazar ertəsi günü Negev səhrasındakı evində dəfn ediləcək.

Minlərlə israilli keçmiş baş nazir Ariyel Şaronun ölkə parlamenti Knesset qarşısında qoyulmuş tabutu önündən keçərək, ona son ehtiramlarını ifadə edib.

Kabinetinin iclasını bir dəqiqə sükutla açan baş nazir Benyamin Netanyahu cənab Şaronun müasir müstəqil İsrail uğrunda mübarizə aparmış nəslini təmsil etdiyini deyib. O, cənab Şaronun yəhudi xalqının yaddaşında ən görkəmli liderlərdən biri kimi qalacağını deyib.

İsrailin prezidenti Şimon Peres Ariyel Şaronun tabutu üzərinə əklil qoyub. O, televiziya vasitəsilə etdiyi müraciətdə cənab Şaronla bağlı xatirələrini bölüşüb: ”O, qorxu nə olduğunu bilmirdi. O, çətin qərar verirdi və onları cəsarətlə yerinə yetirirdi”-deyə o bildirib.

Cənab Şaron şənbə günü 85 yaşında dünyasını dəyişib. O, son səkkiz il koma vəziyyətində idi.

Müharibə qəhrəmanı və böyük siyasətçi olan Ariyel Şaron qətiyyətli xarakterə malik bir insan kimi tanınırdı. İsraillilərin çoxu ondan razılıq bildirsə də, başqaları onu tənqid edir.

Fələstinlilər onun aqressiv hərbi taktikasını və Fələstin ərazilərində yəhudi yaşayış məntəqələri salmasını kəskin tənqid edir.

O, 1982-ci ildə Livana müdaxiləyə görə tənqid edilir və Beyrutda iki qaçqın düşərgəsində yüzlərlə fələstinlinin qətliam edilməsinin qarşısının alınmasına görə qismən məsuliyyət daşıyır. Ariyel Şaron 2005-ci ildə Qəzzada mindən çox fələstinlinin qətli ilə nəticələnmiş hücuma başçılıq edib. Lakin bundan sonra o birtəfərli qaydada İsrail əsgələrini və yəhudi sakinlərini anklavdan çıxarıb.

Qəzza zolağının bəzi sakinləri cənab Şaronun ölüm xəbərini aldıqdan sonra sevinc ifadə edərək, şirniyyat paylayıblar.

2007-ci ildə İsrail ordusunun çıxmasından sonra Qəzzaya nəzarət edən Həmas qrupunun sözçüsü Sami Əbu Zuhri bunu tarixi bir an adlandırıb. O deyib ki, Ariyel Şaronun səkkiz il komada qaldıqdan sonra ölümü Allahın qərarıdır və bütün tiranlara nümunədir.

İordan çayının Qərb sahilinə nəzarət edən Fələstin Azadlıq Təşkşilatının yüksək səviyyəli nümayəndəsi Vasel Əbu Yusif deyib ki, cənab Şaron Fələstin xalqını öz torpağından çıxarmağa və fələstin dövlətinin yaranmasının qarşısını almağa çalışırdı. O bildirib ki, Fələstin xalqı cənab Şaronun ölümünü onun əməlləri, hücumlar və fələstinlilərə qarşı cinayətlərlə əlaqələndirir.

Ariyel Şaron hərbi mərasimdən sonra Negev səhrasındakı evində dəfn ediləcək. Dəfn mərasiminə İsrail və xarici ölkə rəsmiləri iştirak edəcək.
XS
SM
MD
LG