Accessibility links

Türkiyədə nümayişçilər polisin onları İstanbulun Taksim meydanından çıxarmasından sonra yollarda barrikadalar qurub, körpü üzərində qruplaşıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayişçilərə qarşı sərt mövqeyi dəyişməz olaraq qalır.

Bu arada baş nazir on minlərlə tərəfdarı qarşısında çıxış edərək deyib ki, iki həftəlik etirazlar terrorçuların əməlidir. Baş nazir diktatorluq nümayiş etdirdiyinə dair fikirləri rədd edib. O deyib ki, xarici medianın hadisələri necə təsvir etməsi onun beynəlxalq imecinə xələl gətirib.

Türkiyənin iğtişaş polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Taksim meydanında qurulan barrikadalar buldozerlərlə təmizlənib.

İstanbul valisinin bildirdiyinə görə, bu günə planlaşdırılan Taksim nümayişinə yol verilməyəcək. Polis iki həftə davam edən nümayişlərin keçirildiyi Taksimə aparan yolları bağlayıb.

Paytaxt Ankarada da polis qarşıdurmalar zamanı öldürülənlər üçün anım mərasimi təşkil etməyə cəhd edən nümayişçiləri dağıdıb.

Dünən Türkiyənin iğtişaş polisi İstanbuldakı Gezi parkına daxil olaraq nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

Zirehli avtomobillərlə müşayiət olunan polislər şəhərin mərkəzindəki Taksim meydanını mühasirəyə aldığı bir vaxt digər tərəfdən polislər Gezi parkını boşaltmağa çalışıb.

Hadisədən bir neçə saat əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etmişdi ki, təhlükəsizlik qüvvələri meydanı boşaltmalıdır.

Buna baxmayaraq, etirazçılar aksiyanı gecə saatlarında da davam etdirməyə çalışıb. Polisin müdaxiləsi nəticəsində meydan boşaldılıb. İstanbul Valiliyindən verilən açıqlamaya, görə müdaxilə zamanı 44 nəfər yaralanıb.
XS
SM
MD
LG