Accessibility links

8 nəfəri gün vurub. İsti hava şəraiti davam edəcək, uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək. Tibbi-meteoroloji proqnoza görə, avqustun 7- də və 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava günəşli keçəcək, şimal küləyi əsəcək. Temperatur gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 27-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, son iki gündə Bakıda günvurma hadisələrinin sayı artıb. 8 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib. Onlardan beş nəfəri xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG