Accessibility links

Rusiya səfirliyinin əməkdaşları Aleksandr Lapşinlə görüşüb


Aleksandr Lapşin

Aleksandr Lapşin

Konsulluq əlaqələrinə dair Vyana Konvensiyasının tələblərinə əsasən Rusiyanın Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti ilə əlaqədar fevralın 9-da təqsirləndirilən şəxs Aleksandr Lapşinin səfirlik əməkdaşları ilə görüşü təmin edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minsk şəhərində saxlanılaraq, fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Təqsirləndirilən şəxs A.Lapşin beynəlxalq qanunvericiliyin tələblərinə əsasən Azərbaycana ekstradisiya olunduqdan dərhal sonra, fevralın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə vətəndaşı olduğu ölkələrin (A.Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır-red) Azərbaycandakı səfirliklərinə rəsmi məlumatlar təqdim olunub.

Məlumatda deyilir ki, fevralın 8-də A.Lapşinin hüquqi yardım almaq və müdafiə hüququ tam təmin edilərək müdafiəçi və tərcüməçinin iştirakı ilə ona ittihamlar elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilib və praktiki sağlam hesab edilməklə hər hansı müalicəyə zərurət yaradan patologiya aşkar edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

XS
SM
MD
LG